EN

Azərbaycanın Taleyini Dəyişən Lider: Heydər Əliyevin Dövlətçilik Fəlsəfəsi

"Heydər Əliyevin anım günü “yalnız tarixi şəxsiyyətə ehtiram deyil, həm də müasir Azərbaycan dövlətinin siyasi, ideoloji və milli dayaqlarının yenidən dərk olunması baxımından böyük əhəmiyyət daşıyır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Ulu Öndərin Azərbaycan tarixindəki müstəsna rolundan bəhs edərkən bildirib.

Vasif Qafarovun sözlərinə görə, Heydər Əliyevin həyatı və fəaliyyət dövrü “əsl liderliyin yalnız idarəçilik bacarığı deyil, xalqın taleyi və dövlətin gələcəyi qarşısında tarixi məsuliyyət daşıdığını” bir daha sübut edib. O qeyd edib ki, Heydər Əliyevin dövlətçilik fəlsəfəsi Azərbaycan tarixində unikallıq təşkil edir.

Deputat vurğulayıb ki, Heydər Əliyevin Naxçıvan kimi milli-mədəni dəyərlərin qorunduğu mühitdə formalaşması, ailədən aldığı tərbiyə və milli kimlik duyğusu onun dövlətçilik baxışlarının əsasını qoyub. Dövlət təhlükəsizlik orqanlarında çalışdığı illər ərzində qazandığı analitik düşüncə və idarəçilik təcrübəsi isə sonrakı illərdə Azərbaycanın inkişafında həlledici rol oynayıb.

O, deyib ki, Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlməsi ilə ölkənin inkişafında dönüş baş verib. Qısa müddətdə sənaye, kənd təsərrüfatı, nəqliyyat və sosial sahələrdə genişmiqyaslı islahatlar həyata keçirilib, yeni müəssisələr açılıb, milli kadr potensialının formalaşdırılmasına xüsusi önəm verilib.

“Bu dövr xalqımızın özünə inamının artması və milli kimlik şüurunun güclənməsi baxımından da əlamətdar mərhələ oldu”.

1990-cı illərin əvvəllərində ölkənin ağır vəziyyətə düşdüyünü xatırladan Vasif Qafarov bildirib ki, Heydər Əliyevin yenidən siyasi səhnəyə qayıdışı Azərbaycan dövlətçiliyinin xilası ilə nəticələndi. O, Naxçıvan dövründə Ulu Öndərin göstərdiyi xidmətləri xatırladaraq deyib ki, “Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının 1990-cı ildə Naxçıvanda rəsmi olaraq qaldırılması xalqın müstəqillik iradəsinin parlaq ifadəsi idi”.

Deputat həmçinin Heydər Əliyevin 20 Yanvar faciəsinə Moskvada göstərdiyi kəskin siyasi etirazın tarixi əhəmiyyət daşıdığını bildirib və qeyd edib ki, Ulu Öndər o zaman “həyati risklərə baxmayaraq həqiqətin və xalqın yanında olmağı seçdi”.

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışını ölkə üçün dönüş nöqtəsi adlandıran millət vəkili deyib ki, həmin dövr Azərbaycan üçün məhz xilasedici mərhələ idi: “Heydər Əliyev Azərbaycanı dağılmaqdan xilas etdi, dövlətin gələcək inkişafının təməllərini qoydu.” Deputat vurğulayıb ki, Ulu Öndərin məşhur fikri – “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunub saxlanılması ondan da çətindir” – bu dövrün mahiyyətini tam ifadə edir.

Vasif Qafarov Heydər Əliyevin insan hüquqlarına həssas münasibətini də xüsusi qeyd edərək ölüm hökmünün ləğvini “Azərbaycanın humanist hüquq sisteminə keçidində dönüş yaradan addım” kimi qiymətləndirib.

"Ulu Öndərin 1994-cü ildə imzaladığı “Əsrin müqaviləsi”ni və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əsasının qoyulmasını ölkənin iqtisadi inkişafında əlamətdar hadisələrdir".

“Bu layihələr Azərbaycanın qlobal enerji xəritəsində mühüm aktora çevrilməsinə və milli iqtisadiyyatın uzunmüddətli inkişafına təkan verdi. Heydər Əliyevin yaratdığı Azərbaycançılıq ideologiyası milli birliyi, tolerantlığı və güclü dövlət prinsipini özündə birləşdirərək müasir dövlət quruculuğunun ideoloji əsasını formalaşdırıb. Ulu Öndərin sosial, mədəni və təhsil sahələrində apardığı islahatlar isə ölkənin intellektual potensialını daha da gücləndirib.

Heydər Əliyevin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz tarixinin ən böyük nailiyyətlərini əldə edib, regionun ən güclü dövlətinə çevrilib. 2020-ci ildə Vətən müharibəsində əldə olunan Qələbə Heydər Əliyev siyasətinin davamlı uğurunun göstəricisidir”,- deyə müsahibimiz vurğulayıb.

Vasif Qafarov həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın humanitar fəaliyyətini xüsusi qeyd edərək bildirib ki, “Heydər Əliyev Fondunun sosial, təhsil və mədəniyyət sahələrində həyata keçirdiyi layihələr Azərbaycanın dünyadakı humanitar nüfuzunu daha da artırır”.

Sonda deputat vurğulayıb ki, Heydər Əliyevin irsi “keçmişin parlaq səhifəsi olmaqla yanaşı, həm də müasir Azərbaycan dövlətinin siyasi, iqtisadi və mənəvi inkişafının ilham mənbəyidir”. Onun sözlərinə görə, Ulu Öndərin dövlətçilik modeli bu gün daha da güclənir və Azərbaycanı regional və qlobal miqyasda nüfuzlu dövlətə çevirir.

Afət ZİYADQIZI

Chosen
18
operativmm.az

1Sources