EN

Mütəxəssis: İşgaldan azad edilmiş ərazilərin bərpasında əsasən Azərbaycan memarlarına önəm verilməlidir

Bakı,12 dekabr, AZƏRTAC

İşgaldan azad edilmiş ərazilərin bərpasında xarici mütəxəssislərin, o cümlədən memarların təcrübəsinə nə dərəcədə ehtiyac duyulur?

Bu məsələ ilə bağlı AZƏRTAC-a açıqlamasında memar Aysel Hüseynova bildirib ki, işgaldan azad edilmiş ərazilərin bərpasında xarici memarların cəlb olunması müəyyən texniki və innovativ üstünlüklər verə bilər. Onun sözlərinə görə, bu zaman vacib bir həqiqət də nəzərə alınmalıdır: “Xarici memarlar Azərbaycan mədəniyyətini, memarlıq ənənələrini, bölgələrin tarixi kimliyini bizim memarlar qədər dərindən tanımırlar. Bu səbəbdən onlar bəzən Azərbaycana xas olan memarlıq dilini deyil, özlərinin Qərb və ya Avropa yönümlü üslublarını tətbiq etməyə meyilli olurlar. Nəticədə layihələrdə müəyyən “avropalaşma” tendensiyası yaranır, yəni məkanın özünəməxsus ruhu, memarlıq yaddaşı və yerli kimliyi ikinci plana keçir. Halbuki Qarabağ və Şərqi Zəngəzur kimi bölgələrdə məqsəd sadəcə müasir binalar tikmək deyil, həm də həmin ərazilərin tarixi, mədəni və mənəvi kontekstini yenidən canlandırmaqdır. Ona görə hesab edirəm ki, xarici mütəxəssislərin iştirakı faydalı ola bilər, amma onlar aparıcı qüvvə olmamalıdırlar”.

Memar vurğulayıb ki, əsas konseptual xətt, memarlıq dili və məkanın kimliyini formalaşdıran baza yerli memarlara məxsus olmalıdır. Çünki bu torpağın tarixini, estetikasını və memarlıq ruhunu ən yaxşı anlamaq məhz Azərbaycan memarlarının işidir. Xaricilər isə yalnız dəstəkçi, texniki və əlavə ekspertiza rolunda çıxış etməlidirlər.

Chosen
41
azertag.az

1Sources