EN

19 Saylı Yol İstismarı İdarəsinin kollektivi Ulu Öndərin xatirəsini yad edib » AzadMedia.az


Bu gün, Ümummilli Lider Heydər Əliyevin anım günündə 19 saylı Yol İstismarı İdarəsinin rəhbəri Nazim Eynallı və kollektiv idarənin həyətində ucaldılmış Ulu Öndərin heykəlini ziyarət edərək dərin ehtiramlarını bildiriblər. Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin, infrastruktur siyasətinin və yol təsərrüfatının inkişafındakı müstəsna xidmətləri xüsusi hörmətlə xatırlanıb.

Ziyarət zamanı qeyd olunub ki, Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ölkəmizdə yol infrastrukturu sahəsində aparılan genişmiqyaslı işlər, magistral yolların yenilənməsi, kənd və qəsəbələri birləşdirən şəbəkələrin qurulması, eləcə də regionların modern nəqliyyat sisteminə inteqrasiya olunması dövlət rəhbərinin bu sahəyə göstərdiyi davamlı diqqətin bariz nümunəsidir.

Nazim Eynallı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yol infrastrukturu layihələri həm insanların rahat gediş-gəlişini təmin edir, həm də regionların sosial-iqtisadi dirçəlişinə mühüm töhfə verir. Bu siyasətin icrasında 19 saylı Yol İstismarı İdarəsinin kollektivi də məsuliyyətlə iştirak edir və bütün tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirir.

Qeyd edilib ki, idarənin qarşısında sakinlərin istirahəti, uşaqların əylənməsi və ətraf mühitin abadlaşdırılması məqsədilə gözəl bir park salınıb. Burada həm yaşıllıq zolaqları, həm də uşaqlar üçün kiçik oyun meydançası yaradılıb. Bu, idarənin yalnız yol infrastrukturu ilə deyil, həm də ictimai məkana verdiyi dəyər və sosial məsuliyyətinin göstəricisidir.

Ziyarətin sonunda kollektiv Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmətlə bir daha yad edib, onun ideyalarına sədaqətlə xidmət edəcəklərini vurğulayıblar.

Chosen
28
1
azadmedia.az

2Sources