EN

“Bir görəydim ayrılığı kim saldı?” - Pərvanə BAYRAMQIZI yazır

Ayrılıq, nə ayrılıq... Ağrısını ifadə etməyə söz, sakitləşdirməyə məlhəm tapılmadı. Bu ayrılıq o ayrılıqdan deyil. Elə ayrılıq ki, burada hər şey ananın bağrından balasının qoparılmasına bənzəyir. Yurdu bölüblər ee... Azərbaycanı. O Azərbaycanı ki, zamanında sərhədinin ucu-bucağı olmayıb. 

“Bir görəydim ayrılığı kim saldı?”

Kim salmadı ki? Azərbaycanı parçalayanlar, talayanlar azmı olublar? Vətənimizin tarixində işğal “ənənəsini” sasanilər, (VI – VII əsr) ərəblər, (VII əsr) monqollar, (1220 – 1222) Teymurilər (XIV əsrin 80-ci illərində) və digər dövlətlər qoyublar. Sonrakı əsrlərdə bu arzuolunmaz “adəti” Rusiya davam etdirib. Azərbaycanın başına gələcək yeni bəlaların bünövrəsini 1723-cü ildə işğalçı sələflərindən geri qalmayan I Pyotrun qoyduğunu bilirsiniz. O da slavyanlar kimi Azərbaycana dönə-dönə yürüş edib. 

Bakı gördüklərini, çəkdiklərini unutmağa macal tapmayıb. 1724-cü ildə rus komendantı knyaz Bryatinskinin idarəsinə keçən şəhərimiz general V.Zubovun, sonrakı tarixlərdə I Aleksandrla çar I Nikolayın verdiyi zülmlər onun üçün təkrar olub.
Başımıza gətirilən bəlaların acısını duyduqca folklordakı qarğışların hansı hisslərdən yarandığını anlayıram. Qarğış yaşadıqları müsibətlərin qarşısını ala bilməyən gücsüz insanların çəkdikləri nalədir. Bu məqamda ürəyimdə təəssüf dolu gecikmiş istək baş qaldırır. Bunu da qarğış saymaq olar: “İrəlidən öləydi I Pyotrı, ya da vəsiyyət etməyə dili söz tutmayaydı”. Ağzıyanmış nə demişdisə, onu da elədilər. Məzhəb seçkinliyindən, torpaqlarımızın işğalından, bizə calaşdırdığı ermənilərin əlindən göz aça bilmədik. Onların törətdikləri qanlı əməllərin tarixləri xronologiya deyil, Azərbaycanın boynundan asılan sapa düzülmüş qara muncuqlardır. Ermənilərin Azərbaycana köçürülməsi ilə yurdumuzun xoş günləri yağlı əppək olub göyə çəkilib. O vaxtdan indiyə – 2020-ci ilin sentyabrın 27-dək bu millət qanımızı içməyə davam edir. Elə bil o qatilləri bağışlamaq üçün yaradılmışıq. Dəfələrlə qətliam törətməklərinə baxmayaraq, unudub barışmışıq. Yazıçılarımız, şairlərimiz xalqların dostluğundan, qardaşlığından bəhs edən əsərlər yazıblar, amma nə “Əsli və Kə¬rəm” dastanı, nə də “Bahadır və Sona” ermənilərin kinli qəlblərini, xain xislətini tərbiyə edə bildi. 

Bakının 1806-cı il oktyabr ayının 6-da Rusiya imperiyasının tabeliyinə keçdiyi vaxtdan başlayan qara günlərinin rəngi getdikcə daha da tündləşdi. Qarşıdakı illər¬də İranla Rusiya Azərbaycanı ata mülkütək tən böldü. Dərdimizi təzələyəcəyəm.

Səməd Vurğun da bəlamıza səbəb olanlara ürəkdən qarğayıb: 

Nədir bu həsrətin adı, ünvanı?
Baisin evində işıq yanmasın!
Ah, Araz, ah, Araz, vədimiz hanı?
Bir ürək ikiyə parçalanmasın.

Düşmənimiz təkcə erməni olsaydı, nə vardı? Dərd təkcə Qarabağ dərdi deyil ki. Azərbaycan bir deyil, iki deyil; Şimali, Qərbi, Cənubi Azərbaycan… Artırmaq olar, intəhası, qurdlu “cahangir dövlətlər” (M.S.Ordubadinin təbirincə) ərazi iddiası ki¬mi qəbul etməsinlər deyə susmuşuq. Qaş düzəltdiyimiz yerdə göz çıxartmaq istə¬mirik. “Həm suçlu, həm güclü” olanlar bizi qınayarlar. Yurdumun daşı elə ağırdır, yağılar qaldıra bilmirlər. Ağrı-acısı da özü kimi çəkilməz Azərbaycanda: 

“Bir qələm əsrlik hicran yaratdı,
Bir xalqı yarıya böldü qılınctək”.

Dərdin ən gözəli Gülüstan. Rusiya və İranın müqaviləsi ilə sənədə dönən “Gü¬lüstan” – Bəxtiyar Vahabzadənin şah əsəri “Gülüstan”. 

“Öz sivri ucuyla bu lələk qələm
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı,
Ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın”.

Şimaldan müxtəlif siyasi iddia ilə yeni quruluş məqsədilə gələnlər o vaxt bizim¬kilərə fəhlə-kəndli təəssübkeşi kimi təqdim edildi. Bu ideya uğrunda soydaşlarımız bir-birinə qənim kəsildi, bir-birinin qanını tökdülər. Qan üzərində yaradılan yalançı qardaşlıqla yetmiş il milli kimliyimizdən uzaq qaldıq, sərvətimiz talandı. Həm Cənubi, həm də Şimali Azərbaycanda Milli Azadlıq Hərəkatının, demokratik firqənin, Cümhuriyyətin ömrünü bircə il, hətta ondan da az elədilər. Azadlığı “pi¬petkanın” ucunda damızdırıb siyasi quruluşu təzədən dəyişdilər. Bir ilin azadlıq dadı dünya durduqca xalqlar arasında qırğın törətməyə, azadlıq tələb edib müha¬ribə başlatmağa kifayət edəcəkdi, hegemon dövlətlərə də bu lazım idi, amma millət¬lərə azadlıq qismət olmağa qoymazlar. Həmişə aranı qızışdırıb, alovlandırıb, sonra üzərinə su töküb söndürürlər.

Dodaqları qurumuş
Susuz bir torpağam mən.
Sinəmdə cadara bax.
Budağından ayrılmış
Yaşıl bir yarpağam mən.
Qopduğum çinara bax.

Bunu da növbəti sətirlərdə “İnqilab şairiyəm” deyəcək vətən oğlu yazıb. 

1813-cü ildə oktyabr ayının 12-də yurdun “Gülüstan” müqaviləsi ilə ikiyə bölünməsindən gözü qorxan Söhrab Tahir çöpü də iki yerə bölə bilmədi. Ser Qor Ouslinin qolu quruyaydı müqavilənin mətnini hazırladığı yerdə. Siz Allah, belə dünya olar? Sənin olan vətəni Böyük Britaniyanın nümayəndəsi pay-bölüş eləsin, Rusiya tərəfdən də Nikolay Rtişev Qacarlardan olan Mirzə Əbülhəsən xan Elçi ilə müqaviləni imzalasınlar? Yurdun sahiblərini isə qətlə yetirsinlər, pərən-pərən salsınlar… Susanlar da olub, canını oda atanlar da, amma yenə Azərbaycana aidiyyəti olmayanlar istəklərinə çatıblar. Ciyərləri yanmışların ürəkləri soyumayıb, on beş il ötəndən sonra 10 fevral 1828-ci ildə Təbriz yaxınlığındakı Türkmənçay kəndində başqa bir müqavilə imzalayıblar. 

Bu boyda dərdi olan xalqı ağı deməkdə, bayatı çağırmaqda, kədərli şeirlər yazmaqda qınayanların ürəyi yoxdur. 1905-ci ildə – Qacar dövlətində başlanan inqilabı 1908-ci ildən Cənubi Azərbaycanda milli hərəkata çevirən Səttar xan Bağır xanla birgə silahdaşları Əli Müsyo, Heydər xan Əmioğlu, Şeyx Məhəmməd Xiyabani “vətən eşqi məktəbində can verməsəydilər”, gələcək nəsillər yurdu üçün candan keçməyi öyrənməzdilər. Görmədiyimiz, ideyalarını isə yaşatdıqlarımız “Bütöv Azərbaycan” arzusu ilə ölümə gedənlərin hamısına yurdu yaşatmaq borcumuz var. Ruhlarını şad etməliyik.
“... Hökm etsə, bu sərsəm gediş dursa, oy!”

Sərsəm gediş Azərbaycanın taleyində çox olub, sərsəmliyi durdura bilməyəndə acizanə surətdə Arazı günahkar çıxarmışıq. “Araz, suyun qurusun”, “lal Araz” və s. kimi ifadələrlə qəzəbimizi çayın üstünə tökmüşük. Cəfər Cabbarlı da ayrılıqda günahı olmayan Araza acıqlanıb:

Araz, rədd ol aradan,
bir olsun Azərbaycan!
Kimdir səni yaradan?
Böldün böyük Vətəni, 
Araz, böylə aradan...

(Deyilənə görə, “Araz çayı” mənzum pyesinin əlyazması it-bata salınıb).

“Bütün Rusiyanı sarsıdan 1905-ci il inqilabı Araz çayı üzərindən çoxdan adlayıb keçmişdi. İnqilab kütlələri dalğalandırdığı bir gündə çay yenə də sükutunu poz¬mur, yenə də çar qamçılarının qorxusundan səsini çıxarmır və axırdı”. (“Dumanlı Təbriz”)

Yazıq, dilsiz-ağızsız Araz…

Vikipediyada: “Rusiyadakı 1905-ci il inqilabının təsiri altında başlayan və tarixə Məşrutə (Konstitusiya) inqilabı adı ilə düşən Səttarxanın başçılıq etdiyi inqilab 1911-ci ilin dekabrında Rusiyanın Qacar rejiminə köməyi ilə yatırılıb. Təbrizə daxil olan rus qoşunları inqilabçılara divan tutublar” kimi qeyd olunan hadisəni M.S.Or-dubadinin “Dumanlı Təbriz” əsərinin “Son iclas” bölümündə yazıçı dili ilə oxuyaq: “Təəssüf olsun ki, bütün bu zəhmətlər rus kazaklarının ayağı altında tapdanıb gedəcəkdir…” Əsərin qəhrəmanı isə ümidini itirməyərək: “Müvəqqəti bir sükutdan sonra İran inqilabı daha geniş və daha yüksək, daha müstəqil bir surətdə alov-lanacaqdır”. Bu 1945-ci ilin 12 dekabr ayından 1946-cı ilin sonuna qədər Cənubi Azərbaycanda fəaliyyət göstərm edactor ist hökumətin qurulacağına işarədir. Ümidlə reallıq çox vaxt bir-birindən gen gəzir. Həmin anda heç kəs bilmirdi ki, Seyid Cəfər Pişəvərinin sədrliyi ilə qurulan Azərbaycan Demokrat Firqəsinin fəa¬liyyəti uzun çəkməyəcək. Hər şey əsərdəki bölümün sonunda yazılan kimi bitdi: “Rəfiqlər, möhtərəm ağalar, cənablar! Pərdə enir. Təbriz inqilabının birinci səhnəsi qapanır”.

Nədir inqilab? İnqilab inkişafdakı keyfiyyət dəyişikliyidir. Bir qayda olaraq islahatların ya keçirilmədiyi, ya da az keçirildiyi həlqələrdə baş verir.

“Hər mühitin doğduğu inqilabı o mühitin şəraiti ilə inkişaf etdirmək lazımdır. Hər məmləkətin inqilab rəhbəri o məmləkətin özündən doğmalıdır. Öz rəhbərlərini yetirməmiş bir ölkədə inqilab hərəkatını irəli aparmaq mümkün deyildir. Bu yalnız İrana məxsus deyil, hər bir məmləkətdə belədir”. (“Dumanlı Təbriz”)
İnqilaba bir də Balaş Azəroğlu gözü ilə (sözü ilə) baxaq (oxuyaq):

Mənim könül dəftərim bənzəyir gülüstana,
Onda yer verilməmiş qarlı qışa, tufana.
Bir bahar ətri vardır hər şerimdə sözümdə,
Baharın həsrətilə yaşayıram özüm də. 
Mən əl açıb göylərdən diləmədim azadlıq, 
Mənim arxalandığım onlardan daha artıq –
Ölkələr həsrət çəkən afitab şairiyəm,
Azadlığın carçısı inqilab şairiyəm.

B.Azəroğlu Səttarxanı bir rəhbər kimi sevir, onun yolunda əmrə hazır olduğunu bildirir. Çünki o, yurdunu azad görmək istəmiş, bu müqəddəs amal uğrunda canın¬dan keçmişdir.

Təbriz isə nə bahar gördü, nə də dumanı çəkildi. Azərbaycanın dumansız yeri var ki? Bəlkə də, uğrunda ölənlər olmasaydı, Azərbaycan özü də olmayacaqdı. O qəhrəmanlar yurdu yox olmağa qoymayıblar.

“21 Azər Günü” ifadəsini tarixdən əvvəl ilk dəfə ədəbiyyatdan (şeirdə) oxuyub maraqlanmışam. Belə mövzular şeirə, nəsrə təhrif edilmədən bədii təsir gücü ilə gətirilməlidir. O vaxt da, elə indi də Ana dili dərdimiz vətən həsrəti ilə qol-boyun olub. İndi elə bir vaxtdır ki, bir şübhə üzərinə insanın adını vətən xaini qoyub məhv edə bilərlər. 

– ... lakin mən bir söz də soruşmaq istərdim. Əcəba, təbrizlilər türk deyildirmi?
– Türkdür. İranda dörd milyona qədər türk vardır, – deyə cavab verdim. 
Qız yenə də:
– Elə isə onların ədəbiyyatı nə üçün türkcə deyildir?
Qız bu sualı ilə ortaya olduqca mühüm və çətin bir məsələ atdı. Hətta Şeyxov da:
– Xanım məsələni dərindən başlamışdır, – deyərək güldü. 
(“Dumanlı Təbriz”)

Çox gecdir... amma heç olmasa, bundan belə iş görmək lazımdır. Bu yaxınlarda yutubda “Arazın o tayında” adlı filmə baxdım. Tövsiyə edirəm ki, siz də baxın.

Dünyanın bütün nemətləri düzülmüş süfrə təsəvvür edin. Əyləşmisən stulda, baxırsan. İstəyirsən, əlini hansınasa uzadıb götürəsən, qarşına çörək qırıntıları qo¬yub: “Bunu yeməlisən”, – deyirlər. Etiraz etməyə, ağzını açmağa qoymurlar: “Başqa şansın yoxdur”. 

“Süfrə mənimdir, nemətlər zəhmətim sayəsində qazanılıb, çalışan, hazırlayan, düzən də mənəm, üstəlik neməti bitirən torpaq da mənimdir”, – deyə bilmirsən. Dərk edirsən ki, “balaca adamsan” – “Dəvədən böyük fil var”. Öhdənə düşən işlə¬məkdir, idarəçilik sənlik deyil. Gücsüzlüyünü görürsən. Məcbur olub acından öl¬məmək üçün qırıntıları yeyirsən. Öz süfrəndən sənə çatan başqasının verdiyi çörək olur. Yeyib təşəkkür edirsən.

Küçəyə çıxanda qəfil soruşan olsa, süfrənizdə nə vardı, deyəcəksən, quş iliyi, can dərmanı. Eşidilən “quş iliyi”, “can dərmanı” olacaq. Hamı səni tox biləcək. Sən isə susacaqsan. Atalar sənə: “Susmaq qızıldır”, – deyiblər. “Sus ki, varlanasan”. Sərvətlərimizi çapıb talayanlara, çapıb-talatdıranlara əsrlərlə dinmədik, susduqca daha çox müti olduq.
Bədbəxtliyimiz Rusiya ilə eyni coğrafi ərazidə yerləşməyimiz olub. Bu azmış kimi Qərbin də gözü sərvətimizdədir. Bunlar bəs etmirmiş kimi “erməni xalqı” da düzəldib canımıza salıblar. 

Susmaq, güzəşt etmək öyüd-nəsihəti, qardaşlıq, dostluq adlı yastıqdakı şirin yuxumuz yurdu talayanlara şərait yaratdı. Humanist olmağı da təkcə bizim boynumuza qoydular. Özləri belə deyillər. Millətimizin bədbəxtliyi üzərində ucaldılan səltənətlər nə vaxt yıxılacaq?

Siyasətə qarışmaq kimi çıxmasın. Mən hara, siyasət hara? İnanmadığım, sevmədiyim sahədir. İntəhası, sakit duranda elə bilirlər, baş verənlərdən başın çıxmır. Ağıllı olduğumu göstərməyə çalışmıram. Maşallah, məmləkət dolub siyasi şərhçilərlə, mənə gərək yoxdur. Başımız çıxmadığı şeylərin yolunda gözümüzü çıxart-masınlar deyə 1988-ci ildən bəri aramızda birlik yaranıb. Pozmağa çalışanlar da var, onlara kömək edənlər də. Amma bu xalqı bir yerdə, ayağa duran görmək hər zaman mümkündür. Araya xain əli girməsə, heç kim bir-birinin əlini buraxmaz. “Xain əl” şərtidir. Birlikdən yanlış istiqamət üçün istifadə etmək xainlikdir. Əzmimizi öldür-məsələr, yaxşıdır. 

Chosen
24
1
adalet.az

2Sources