Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyaya rəsmi səfəri zamanı Hamburqda iş adamları və jurnalistlərlə görüşdə bildirib ki, Azərbaycan və Ermənistan arasındakı münasibətlərdə balanslı və tarazlı xarici siyasət mövcud reallıqdır:
“Hökumət proqramında regionallaşmaya həsr olunmuş xüsusi bölmə var. Bu il bütün qonşu ölkələrin liderləri ilə görüşlər və təmaslar keçirdim… Rəsmi nümayəndə heyətlərimizdən iki nəfəri artıq Azərbaycana yola düşüb. Əminəm ki, yaxın gələcəkdə Azərbaycan nümayəndə heyətləri bizə səfər edəcəklər”, – Nikol Paşinyan deyib.
Ermənistanın Baş naziri belə uğurlu əməkdaşlığın nümunəsi olaraq Rusiya və Qazaxıstandan Azərbaycan vasitəsilə taxıl yük qatarlarının göndərilməsini, eləcə də neft məhsullarının idxalı ilə bağlı mövcud müzakirələri misal gətirib. Paşinyan əlavə edib ki, bu, ölkələrin sonda uğur qazandığı və indi bu uğuru daha da inkişaf etdirməli olduqları balanslı xarici siyasətdir.
//Samir Qurbanov, Editor.az