2025-ci il, dekabrın 10-da Bakı Fond Birjası (BFB) və “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyi (İRÖİB) arasında Azərbaycanda İslam maliyyəsi və halal investisiya alətlərinin inkişafını dəstəkləyən əməkdaşlıq memorandumu imzalanıb.
QHT.az xəbər verir ki, sənədə BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov və İRÖİB-in İdarə Heyətinin sədri Ruslan Atakişiyev imza atıb. Əməkdaşlıq çərçivəsində İslam maliyyəsi üzrə təlimlər, KOB-lar üçün maarifləndirici sessiyalar, yerli bazarda tədqiqatlar, “Halal Listinq” seqmentinin yaradılması və Azərbaycan emitentlərinin xarici İslam maliyyəsi bazarlarına çıxış imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Tərəflər həmçinin İslam maliyyəsi ilə bağlı ictimai məlumatlandırmanı artırmaq üçün birgə seminarlar, panel müzakirələri və analitik materialların hazırlanmasını planlaşdırır.
Memorandum 2025–2027-ci illəri əhatə edir və tərəflərin razılığı əsasında uzadıla bilər.