EN

Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan müstəqil inkişaf yolunda böyük uğurlar qazanıb

Bakı, 11 dekabr, AZƏRTAC

Dövlətin və xalqın milli inkişafında liderlər mühüm rol oynayır. Məhz liderlər strateji vizyonu müəyyən edir, cəmiyyəti ortaq məqsədlər ətrafında birləşdirir. Azərbaycan da müstəqilliyin ilk illərində çox böyük təhlükələrlə üz-üzə idi. Məhz belə bir şəraitdə Ulu Öndər Heydər Əliyev ümid və tərəqqi simvolu kimi Azərbaycan xalqını, dövləti xilas etdi. Müxtəlif ölkələrin ictimai-siyasi xadimləri də Heydər Əliyevi Azərbaycanın xilaskar lideri adlandırır, onun böhran dövründə öz ölkəsinə sabitlik gətirməsini “mümkünsüzü mümkün etmək bacarığı” kimi dəyərləndirirdilər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputat Nigar Məmmədova deyib.

O bildirib ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu təmin olundu. Yeni tarixi şəraitdə bir daha Heydər Əliyev müdrikliyi zamanı qabaqladı və Azərbaycanın istiqlal yolunda yeni səhifə açıldı. Beləliklə, Azərbaycan sabitlik, dayanıqlı inkişaf dövrünə qədəm qoydu. Həyata keçirilən islahatlar, atılan önəmli addımlar Azərbaycanın bugünkü inkişafı üçün real zəmin yaratdı. Yeni Konstitusiyanın qəbulu ilə siyasi varislik və milli-mənəvi dəyərlərə əsaslanan hüquqi-demokratik dövlət quruculuğu prosesi start götürdü. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və müdrikliyi sayəsində ölkəmizin səsi nüfuzlu beynəlxalq təşkilatların tribunasından eşidilməyə başladı. Nəticədə, 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” sayəsində yeni inkişaf dövrünün əsası qoyuldu.

Deputat qeyd edib ki, dövlət quruculuğuna və idarəetməyə xüsusi yanaşan Ulu Öndərin hakimiyyəti dövründə dövlət idarəçiliyinin bütün sahələrində hərtərəfli islahatlara təkan verildi, struktur dəyişikliyi aparıldı, normativ-hüquqi baza formalaşdırıldı. Bu uğurlu strategiyanın nəticəsində bütün sahələr dövlətçilik ideyalarına sadiq, milli ənənələrə və beynəlxalq standartlara uyğun şəkildə təkmilləşdirildi. Ümummilli Lider taleyini Azərbaycanın taleyindən ayırmırdı, ömrünün mənasını xalqa xidmətdə görürdü. Bu xilaskarlıq missiyasının kökündə müasir azərbaycançılıq ideologiyası dururdu. Dahi şəxsiyyət dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən – müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün əzmlə səy göstərib, bu istiqamətdə son dərəcə vacib və strateji qərarlar qəbul edib. Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbi yaratmışdır. Ulu Öndərin başlatdığı müqəddəs və şərəfli missiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təsadüfi deyil ki, Qarabağ məsələsi, ərazi bütövlüyü sona qədər xarici siyasətdə prioritet oldu, müzakirələrin mərkəzində dayandı. Bu illər ərzində qarşıya qoyulan bütün vəzifələri uğurla icra edə biləcək vətənpərvər nəsil yetişdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə etdiyimiz böyük Qələbə nəticəsində işğaldan azad olunmuş bütün ərazilərimizdə Azərbaycan Bayrağı dalğalanır. Bu tarixi torpaqların əsl sahibləri öz doğma yurduna qayıdır. 1993-cü ildə dünya xəritəsindən silinməkdən xilas olan Azərbaycan qalib ölkə kimi bu gün beynəlxalq münasibətlər sistemində öz mövqelərini daha da möhkəmləndirməkdədir.

“Bu il Azərbaycan Zəfərin 5 ilini qeyd edir. Son 5 ildə ölkəmiz daha da inkişaf edib, Azərbaycan yenə də regionda sülhün təminatçısı kimi çıxış edir. Ərazi bütövlüyü və suverenliyini bərpa etmiş müstəqil Azərbaycan Ulu Öndərin arzuladığı Azərbaycandır. Müzəffər Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin anım günündə böyük şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edir”, - deyə N.Məmmədova vurğulayıb.

Chosen
52
1
azertag.az

10Sources