Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.
Dünənki “Qarabağ”-“Ayaks” oyunundan sonra sosial şəbəkələrdə Nəriman Axundzadənin oynaya bilməməsi geniş müzakirələrə səbəb olub.
Bəs azarkeşlərin Nərimana yönəltdikləri tənqid və narazılıqlar nə dərəcədə əsaslıdır?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən futbol şərhçisi Ceyhun Sultanov bildirdi ki, Nəriman zəif oynaya bilər, bu normaldır:
"Oyuna baxanda görürük ki, Nərimanın qol imkanı olmadı. Hesab 2-1 olanda Kaşuk topu öndə itirir və həmin anda "Qarabağ"ın qapısına qol vurulur, sonra isə Nəriman günahkar çıxarılır. Mən tərəfdarı deyiləm ki, Nərimana qarşı heç kim heç nə deməsin. Amma bu qədər də olmaz ki, "Qarabağ"ın hər məğlubiyyəti təkcə Nərimanla əlaqələndirilsin. Yox, o futbolçudur, futbolda belə şeylər olur. Yalnız futbolçu yox, ümumiyyətlə futbolda bu cür hallar normaldır. Biz "Ayaks"ı məğlub etmək istəyirdik, amma alınmadı. Bu da normaldır. Çünki "Qarabağ"ın qarşısında duran "Ayaks"dır. Bu, Niderland çempionudur. Elə bil küçədən keçən bir komanda deyil. Bu şeylərə biz nəinki azarkeş olaraq, sadəcə insan olaraq, diqqətlə analiz etsək, görərik ki, hə, futbolda belə hallar olur".

Müsahibimiz hesab edir ki, "Qarabağ"ın yeddi xal yığması özü böyük uğurdur:
""Çelsi" ilə heç-heçə etmək belə uğurdur. Nəriman "Benfika"ya qol vurub komandanı növbəti mərhələyə çıxaranda qəhrəman idi, indi isə düşmən elan olunur. Mən bu yanaşmanı bəyənmirəm. Zəif oynamaq normaldır, zəif oynaya bilər. Amma bu gün "Qarabağ"ın heyətində 100 faizlik qol imkanından istifadə etməyib məğlubiyyətə səbəb olan futbolçu yoxdur axı. Ona görə azarkeşlərimizdən səbirli olmalarını xahiş edirəm. O, yerli futbolçudur. Əcnəbilər o qədər səhv edirlər, öz qapılarında qollar görürlər, amma bu qədər qınanmırlar. Özümüzünkünü isə ayağından dartmağı yaxşı bacarırıq. Ona görə Nəriman səbirli olmalıdır, azarkeşlərimiz də səbirli olmalıdır. Qarşıdakı oyunlara köklənmək lazımdır".
Nuriyyə NATİQQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.