EN

GenAİ-dən istifadə hesabına iqtisadi təsirin 70 milyon manata çatdırılması kimi konkret göstəricilər Azərbaycanın bu sahədə ambisiyasını ortaya qoyur – Ekspert

Bakı, 11 dekabr, Pərvanə Qafarova, AZƏRTAC

“Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya”da qoyulan hədəflər göstərir ki, 2026–2029-cu illər üçün Azərbaycan rəqəmsal iqtisadiyyatını yalnız modernləşdirməyi deyil, həm də real iqtisadi təsir yaradan bir mərhələyə keçirməyi planlaşdırır.

Bu barədə AZƏRTAC-a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov deyib.

“Rəqəmlər kifayət qədər ambisiyalıdır, rəqəmsal transformasiya proqramlarında iştirak edən müəssisələrin sayının 300-ə yüksəldilməsi, startap sayının 250-yə çatdırılması, rəqəmsal bacarıqlara malik insan resursunun isə 3 mindən 40 minə qədər artırılması iqtisadiyyatın bütün sahələrində rəqəmsal kompetensiyanın gücləndirilməsini tələb edir. Eyni zamanda, GenAİ texnologiyalarından əldə olunacaq iqtisadi təsirin 70 milyon manata yüksəlməsi kimi konkret göstəricilər ölkənin süni intellektdən iqtisadi dəyər yaratmaq ambisiyasını ortaya qoyur”, - deyə ekspert bildirib.

E.Abbasov qeyd edib ki, Strategiyada insan kapitalı, data analitikası, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və iqtisadiyyatın müxtəlif seqmentlərində rəqəmsal transformasiya prioritet kimi müəyyən olunub: “Bu, xüsusilə kadr çatışmazlığı olan İKT və süni intellekt sahəsi üçün kritik əhəmiyyət daşıyır. Genişmiqyaslı təlim proqramları, qlobal şirkətlərlə əməkdaşlıq, “peşələr atlası” və yeni kompetensiya modelləri real əmək bazarının ehtiyaclarına uyğun yeni nəsil mütəxəssislərin yetişdirilməsini hədəfləyir. Bununla yanaşı, data əsaslı idarəetmə, analitika platformalarının qurulması, dövlət və biznes məlumatlarının daha çevik inteqrasiyası qərarvermənin keyfiyyətinə birbaşa təsir göstərəcək.

Ümumilikdə sənəd ölkənin rəqəmsal iqtisadi modelini növbəti mərhələyə keçirmək üçün strukturlaşdırılmış yol xəritəsi təqdim edir. Lakin rəqəmlərin real nəticəyə çevrilməsi üçün investor cəlbi, kibertəhlükəsizliyin gücləndirilməsi, data infrastrukturunun vahidləşdirilməsi və dövlət–özəl tərəfdaşlığında daha çevik mexanizmlərin tətbiqi vacib olacaq. Bu istiqamətdə monitorinq sistemi, illik hesabatlar və konkret performans göstəricilərinin müəyyən olunması strategiyanın icrasını ölçülə bilən və şəffaf formaya gətirən ən önəmli elementlərdəndir”.

Chosen
47
azertag.az

1Sources