EN

Sülhə doğru yeni addım: Bakıdan İrəvana neft-qaz satışı başlaya bilər – ÖZƏL

"Həm Azərbaycan, həm də Ermənistan tərəfi qeyd ediblər ki,  Azərbaycandan Ermənistana neft-qaz satışı mümkündür və bu proses həyata keçirilə bilər. Hətta Gürcüstan tərəfi də xoşməram göstərərək bu niyyəti alqışlayıb və bir gün tranzit haqqı almamaq öhdəliyini belə üzərinə götürüb ki, bu da Gürcüstanın öz töhfəsi kimi qiymətləndirilə bilər".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. O  bildirib ki, bu layihə üç Cənubi Qafqaz dövləti tərəfindən müsbət qarşılanır və planın həyata keçirilməsi  Azərbaycan tərəfindən göstərilən ilk xoşməramlı addım deyil. Azərbaycan daha əvvəl Qazaxıstan  və Rusiyadan  Ermənistana həyati əhəmiyyət daşıyan taxıl tədarükünü də həyata keçirmişdi. Enerji sektorunda neft-qazın Ermənistana verilməsi də Paşinyan hökuməti üçün son dərəcə həyat  əhəmiyyətli məsələdir.

Ekspert qeyd edib ki, Azərbaycan tərəfi bu addımla bir daha Ermənistanla sülh sazişinin imzalanmasında maraqlı olduğunu nümayiş etdirir. Amma çox təəssüf ki, Ermənistan hələ də  Azərbaycanın bu xoşməramlılığını yetərincə qiymətləndirmir. Mən bunu çəkinmədən deyirəm, çünki bu addımları qiymətləndirmək üçün Ermənistan mütləq konstitusiyasını dəyişməli və Azərbaycanla sülh müqaviləsini tezliklə imzalamalıdır.
Azərbaycan tərəfi Ermənistan cəmiyyətinə də açıq mesaj göndərir: Azərbaycan iqtisadi-ticari əlaqələrin qurulmasında maraqlıdır və bu, əslində Ermənistan üçün daha cəlbedici və faydalı olmalıdır. Neft və qaz almaq istəyən ölkələr çoxdur, növbədə duranlar da az deyil. Ermənistan tərəfi də bildirib ki, onlar neft-qaz məsələsində təkcə Rusiyadan və İrandan asılı qalmaq istəmirlər və diversifikasiya xətti götürüblər. Bu da təbii olaraq onların həmin ölkələrdən enerji asılılığını azaldacaq və həmin dövlətlərin Ermənistandakı təsir imkanlarını zəiflədəcək.

"Paşinyanın mövqeyinə gəlincə, məlumdur ki, o, bu gün ölkə daxilində mürəkkəb durumla üz-üzədir. Təxminən altı aydan sonra Ermənistanda seçkilər keçiriləcək və seçki öncəsi vəziyyət daha da gərginləşə bilər. Qış aylarında neft-qaz qiymətlərinin artması Paşinyan hökuməti üçün əlavə iqtisadi problemlər yarada bilər. Məhz bu məqamda Azərbaycanın xoşməramlı addımı Paşinyanın vəziyyətini müəyyən qədər yüngülləşdirə və hökumətin mövqelərini gücləndirə bilər.
Bu baxımdan, Azərbaycan hökumətinin atdığı bu addım, eyni zamanda, Paşinyan hökumətinə edilən xoşməramlı jest kimi də dəyərləndirilməlidir və Ermənistan bunu düzgün qiymətləndirməlidir," - deyə ekspert sonda əlavə edib.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
12
olaylar.az

1Sources