EN

Səttar Möhbalıyev: Ulu öndər Heydər Əliyev tarixi taleyin sınaqlarından doğan böyük dövlət xadimidir



“Mənim həyatımda çox şey olubdur. Amma insan cürbəcür hadisələrlə qarşılaşanda, hər cür sınaqlardan çıxanda, yəqin ki, həm də daha çox təcrübə toplayır, daha da mətinləşir və bu mənada mən öz taleyimdən çox razıyam.”
Bu sözlər Ulu Öndər Heydər Əliyevin 2001-ci il 14 iyul tarixində xarici media rəhbərləri ilə görüşündə söylədiyi, bir ömürlük dövlətçilik missiyasının fəlsəfəsini ifadə edən düşüncədir. Bu taleyin arxasında XX əsr Azərbaycan tarixini dəyişdirən, XXI əsrin müstəqil dövlətini formalaşdıran möhtəşəm siyasi iradə dayanır.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Ulu Öndər Heydər Əlirza oğlu Əliyev 1923-cü ilin 10 mayında Naxçıvanda anadan oldu. Hələ gənclik illərindən ciddi zəhmət, peşəkarlıq və dövlətçilik duyğusu onun həyat yolunu müəyyənləşdirdi.
1944-cü ildən təhlükəsizlik orqanlarında çalışan Heydər Əliyev qısa müddətdə peşəkarlığı ilə seçilərək 1967-ci ildə Azərbaycan SSR DTK-nın sədri, general-mayor oldu. Eyni zamanda Leninqradda xüsusi ali təhsil aldı, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirdi. Bütün bunlar onun siyasi lider kimi formalaşmasının intellektual bazasını yaratdı. 1969-cu ilin iyulunda Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə ölkənin taleyində yeni dövr başlandı. O dövrdə Azərbaycan bütün göstəricilərinə görə SSRİ-də geridə qalmış respublika idi. Ulu Öndər Heydər Əliyevin iradəsi, islahatları və strateji baxışı ilə bu vəziyyət kökündən dəyişdi. Bu isə o deməkdir ki, dövlətçiliyə gedən yolda Ulu Öndər Heydər Əliyev sədaqətlə, qətiyyətlə addımlayıb, şəxsiyyətinin formalaşmasını öz bacarığı ilə qazanıb. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 1969–1982-ci illər respublikamızın sovet dövründə ən parlaq inkişaf mərhələsidir. Bu illərdə sənaye və kənd təsərrüfatı misilsiz inkişaf tempi qazandı, Azərbaycan təkcə xammal bazası olmaqdan çıxaraq istiqamətverən sənaye respublikasına çevrildi, yüngül sənayedən maşınqayırmaya, elektrotexnikadan kimya sənayesinə qədər onlarla sahədə inkişaf templəri SSRİ ortalamasını üstələdi. Bu dövr həm də mədəni irsin intibah mərhələsi idi. Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunmasını dövlət siyasətinə çevirdi. Teatr, kino, musiqi, təsviri incəsənət yenidən yüksəlişə qalxdı. Görkəmli sənət adamları dövlət qayğısı ilə əhatə olundu. 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan dili dövlət dilidir” maddəsinin salınması Ulu Öndər Heydər Əliyevin milli ideologiya sahəsində ən böyük nailiyyətlərindən biridir. Bu qərar Azərbaycan dilini sovet imperiyasının təzyiqi altında belə qorumağa imkan verdi. 1982-ci ildə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilərək imperiyanın rəhbərliyində yüksək təmsilçilik qazandı. Tarixi ədalət baxımından bu, Azərbaycanın siyasi elitaya təqdim etdiyi ən böyük şəxsiyyət idi. Lakin o, 1987-ci ildə M. Qorbaçovun yanlış siyasətinə etiraz edərək tutduğu bütün vəzifələrdən istefa vermək kimi böyük cəsarət və prinsipiallıq nümayiş etdirdi. Bu addım onun gələcəkdə Azərbaycan xalqına bağlılığının təməlini daha da möhkəmləndirdi. 1990-cı ilin qanlı 20 Yanvar faciəsində Ulu Öndər Heydər Əliyevin Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək verdiyi bəyanat tarixə qızıl hərflərlə yazıldı. O, Sovet rejimini ittiham edərək, xalqının yanında olduğunu bütün dünyaya elan etdi. Bu addım siyasi iradə, fədakarlıq və vətən sevgisinin nadir nümunəsi idi.

Millət vəkili onu da bildirib ki, Moskvadan Bakıya dönməsinə imkan verilməyən Ulu Öndər Heydər Əliyev Naxçıvana gedərək burada, üçrəngli Azərbaycan bayrağını dövlət bayrağı kimi təsdiq etdirdi, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etdi, Naxçıvanı blokada şəraitindən çıxarmaq üçün titanik işlər gördü. Bu illər Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin ideya əsaslarını formalaşdırdığı mərhələ idi. 1993-cü ildə Azərbaycan vətəndaş müharibəsi, separatizm, siyasi anarxiya və iqtisadi çökmə təhlükəsi altında idi. Xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev Bakıya qayıtdı və 15 iyunda Azərbaycan Ali Sovetinin sədri seçildi. Bu tarix sonradan Milli Qurtuluş Günü kimi dövlətçilik salnaməmizə daxil oldu. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Azərbaycan Prezidenti seçilən Ulu Öndər ölkəni vətəndaş qarşıdurmasından xilas etdi, sabitliyi və idarəetmə mexanizmini bərpa etdi, müasir dövlət quruculuğunun bütün sahələrini institusional şəkildə formalaşdırdı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna start verdi. 1994-cü ildə Bişkek protokolunun imzalanması ilə atəşkəs əldə olunması Azərbaycanın gələcək inkişafını mümkün edən tarixi siyasi addım idi. Bu qərar həm iqtisadi dirçəlişə, həm də ordu quruculuğuna real imkan yaratdı. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının başlanğıcı oldu. Ulu Öndər Heydər Əliyevin sözləri bu müqavilənin mahiyyətini tam açır: “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı və firavan həyatı üçün gözəl imkanlar yaradır.” Bu kontrakt XXI əsr Azərbaycan iqtisadiyyatının əsaslarını formalaşdırdı və ölkəmizin qlobal enerji xəritəsində xüsusi yerini təmin etdi. 1993–2003-cü illərdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli Ulu Öndərin fəaliyyətinin prioritet istiqamətlərindən oldu. Dövlət Neft Fondundan ayrılan yüz milyonlarla vəsaitlə 18 qəsəbə salındı, minlərlə mənzil inşa edildi, yüzlərlə sosial infrastruktur layihəsi həyata keçirildi. Bu, dövlətin öz vətəndaşına münasibətinin ən parlaq nümunəsidir. Ulu Öndər Heydər Əliyev Azərbaycanı “gənclər ölkəsi” adlandırırdı. Onun imzaladığı qərarlar, yaratdığı institutlar bugünkü dövlət gənclər siyasətinin təməl sütunlarını təşkil edir.
Ulu Öndər Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində misilsiz yerə malikdir. O, müstəqil dövlətimizi xilas etmiş, möhkəmləndirmiş, dünyaya çıxarmış, gələcək inkişafın strateji əsaslarını qurmuş liderdir. O, özü haqqında bir dəfə belə demişdi: “Sabah nə olacağını bilmirəm, amma onu bilirəm ki, bundan sonra daha yaxşı olacaqdır.” Bu sözlər xalqı üçün yaşayan böyük liderin ruhunu ifadə edir. Özündən sonra daha güclü, daha müstəqil Azərbaycan qoyub getməyin məmnunluğunu yaradır. 12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü təkcə xatırlama günü deyil. Bu gün həm də bir millətin taleyini dəyişən, onu dövlət edən bir liderə ehtiram günüdür-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb.



Chosen
18
aia.az

1Sources