EN

Dubayda 31-ci şopinq festivalı başlayıb

Bakı, 11 dekabr, Emil Eyubov, AZƏRTAC

Dubayda 31-ci “Dubai Shopping Festival” (DSF) başlayıb. Bu nəhəng şəhər şopinq festivalı 2026-cı il yanvarın 11-dək davam edəcək.

Bu barədə AZƏRTAC-a Dubay İqtisadiyyat və Turizm Departamentindən məlumat verilib.

38 gün ərzində festival iştirakçılarını dünya səviyyəli alış-veriş imkanları, eksklüziv endirimlər, geniş əyləncə proqramları, möhtəşəm lotereyalar və müxtəlif tematik ailə tədbirləri gözləyir. DSF Dubayın qış turizmi, müasir pərakəndə satış və şəhər əyləncələrində aparıcı mövqeyini təsdiqləyərək, otuzillik inkişaf və innovasiyaların parlaq göstəricisinə çevrilib.

1996-cı ildən keçirilən festival cəsarətli pərakəndə satış təşəbbüsündən qlobal mədəni fenomenə qədər uzun yol keçib. “Dubai Festivals and Retail Establishment”in baş direktoru Əhməd Əl Haccın sözlərinə görə, üç onillik ərzində DSF Dubayı qlobal səhnədə tanıtmaq üçün mühüm alət rolunu oynayıb və şəhərin dünyanın ən yaxşı biznes və səyahət məkanlarından biri kimi mövqeyini gücləndirərək D33 iqtisadi strategiyasının məqsədlərinə töhfə verib.

Bu il festival çərçivəsində bir sıra yeniliklər təqdim olunur. Ən diqqətçəkən şoulardan biri yüz pirodron daxil olmaqla, minədək dronun gecə səmasını atəşfəşanlıqla sinxron işıqlandıracağı nadir təqdimatlardır. Bu möhtəşəm, tamamilə pulsuz şoular festival müddətində şəhər üfüqünü parlaq işıq panoramasına çevriləcək.

DSF-də “Auto Season” ötənilki uğurunu davam etdirərək yenidən ziyarətçilərin ixtiyarındadır. Bu layihə yalnız avtomobil sərgisi deyil, həm də avtomobil həvəskarlarının ünsiyyət qurduğu, təcrübə mübadiləsi apardığı və sürücülük mədəniyyətinə olan maraqlarını bölüşdüyü canlı platformadır.

“e&MOTB” festivalı isə bir daha “Dubai Design District”i dinamik açıq məkana çevirəcək. Bu il qonaqları 100-dən çox eksklüziv məhsul, 27 yeni yemək konsepsiyası və əsasən yerli sahibkarların təmsil olunduğu 56 pərakəndə satış layihəsi gözləyir. Burada, həmçinin pulsuz konsertlər, interaktiv incəsənət nümunələri və yeni baxış nöqtələri təqdim olunacaq. Yenilənmiş məkan “e&MOTB”nin gənclərin sevimli görüş nöqtəsi statusunu qoruyub saxlayır.

Təbiətdə istirahətə üstünlük verənlər üçün “DSF x Hatta” xüsusi seçimdir. Dağ mənzərələri fonunda açıq hava konsertləri, immersiv “Hatta Lights” marşrutları, kulinariya şouları, atəşfəşanlıq nümayişləri və uşaqlar üçün müxtəlif əyləncələr təşkil olunacaq. Ziyarətçiləri, həmçinin genişmiqyaslı satışlar, məhdud kolleksiyalar və yerli dizaynerlərlə dünya brendlərinin iştirak etdiyi pop-up bazarlar gözləyir. Məşhur kütləvi bazar brendlərindən konsept butiklərinə qədər 1 mindən çox pərakəndə satıcı mövsümi endirim kampaniyasına qoşulacaq.

Chosen
91
azertag.az

1Sources