EN

Paşinyan: Ermənistanın hədəfi Aİ-yə üzvlükdür, məqsəd Aİİ-dən çıxmaq deyil...

Ermənistan iki ittifaqda eyni vaxtda ola bilməz, lakin hazırda həm Brüssellə, həm Moskva ilə paralel kurs aparır…

Poliqon xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin strateji məqsədinin Avropa İttifaqına üzvlük olduğunu, bununla yanaşı, hazırda məqsədlərinin Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq olmadığını bəyan edib. O, bu fikri Almaniyada keçirdiyi mətbuat konfransında, Moskvaya yola düşməzdən əvvəl səsləndirib. Məlumatı Armenpress yayıb.

Paşinyan bildirib ki, hər iki qurumda eyni vaxtda üzvlük real olaraq mümkün deyil. Ermənistan Avropa İttifaqı ilə əlaqələrini dərinləşdirir, lakin baş nazirin sözlərinə görə, o, Almaniyadan birbaşa Moskvaya uçur və bu, proseslərin bir-birini istisna etmədiyini göstərir.

“Bu, uyğun gəlirmi? Reallıqda, bəli”, deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, baş nazir rəsmi səfərlə Almaniyada olub. Səfərdən sonra o, 11 dekabrda keçiriləcək Aİİ Hökumətlərarası Şuranın iclasında iştirak etmək üçün Moskvaya gedir.

Xatırladaq ki, Almaniya kansleri Fridrix Merts Paşinyanla Berlin görüşü zamanı Ermənistanın Avropa İttifaqına inteqrasiya planlarına dəstək verdiyini bildirmişdi. Mers bunu Ermənistan üçün “tarixi imkan” adlandırmış, xüsusilə də İrəvan və Bakı arasında sülh prosesinin başlamasından sonra Ermənistanın Avropaya inteqrasiya yolunun açıq olduğunu vurğulamışdı.

Paşinyanın bəyanatı Ermənistanın geosiyasi kursunda əsaslı dəyişikliyin konturlarını göstərir. Rəsmi İrəvan həm Aİ ilə strateji yaxınlaşmanı artırır, həm də Rusiya ilə münasibətləri kəskinləşdirmədən bu xətti davam etdirməyə çalışır.

Poliqon.info

Chosen
37
poliqon.info

1Sources