EN

Vətənpərvərliyin qüdrəti...

Gənclərimizin formalaşmasında prioritet istiqamətlər

Sabahın əsgərləri olacaq məktəblilər şəhidlərimiz haqqında məlumatlı olmalı, milli qəhrəmanlarımızı tanımalıdırlar. Onların vətənpərvər ruhda böyümələri üçün savadlı, bilikli olmaları da çox vacibdir. Bu işdə müəllimlərin üzərinə böyük vəzifələr düşür. Müntəzəm olaraq məktəblilərə ölkəmizin müdafiə qüdrəti, qanunları, respublikanın Silahlı Qüvvələri barədə geniş məlumat verilir. Şagirdlər hərbi vətənpərvərlik mövzusunda keçirilən dərslərdə fəal iştirak edirlər. Silahları, texnikaları böyük həvəslə öyrənirlər.

Hərbi-vətənpərvərlik tədrisi

Məktəblilər hərbi-vətənpərvərlik mövzusunda keçirilən dərslərdə yalnız nəzəri məlumatlarla kifayətlənmirlər, eyni zamanda praktiki təcrübələrə də böyük maraq göstərirlər. Silahlar, texnikalar, hərbi taktika və strategiyalarla bağlı dərslərdə şagirdlər fəal iştirak edir və bu sahədə olan məlumatlarını artırırlar. Bu, yalnız onları fiziki və ruhi olaraq hazırlamır, həm də müdafiə gücünü və rolunu daha dərindən anlamalarına kömək edir.

Bu fakt gənclərimizi ayıq-sayıq olmağa sövq edib

Mövzunu “Yeni Azərbaycan”a şərh dən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, Azərbaycan gəncliyinin sahib olduğu ən vacib xüsusiyyətlərdən biri hərbi-vətənpərvərlik ruhunun yüksək səviyyədə olmasıdır: “Hamıya bəllidir ki, Ermənistanın ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə qarşı təcavüzünün qarşısının alınmasında Azərbaycanın vətənpərvər gəncləri hər zaman öndə olublar. Zaman keçdikcə gənc nəsildə vətənpərvərlik hissləri daha da güclənir. Bildiyimiz kimi, vaxtilə torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altında olub, bir milyondan çox soydaşımız isə qaçqın və məcburi köçkün vəziyyətində yaşayıb. Bu fakt Azərbaycan gəncliyini daha ayıq-sayıq olmağa, istər informasiya sahəsində, istərsə də cəbhə xəttində ölkənin müdafiəsi uğrunda əlindən gələni etməyə sövq edib. Dövlət gənclər siyasəti gənclərin bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, təhlükəsizliyinin vacib şərtlərindəndir”.

Ölkənin gələcəyini təmin edən dəyər

C.Məmmədov qeyd edib ki, bugünkü qlobal dünyada vətənpərvərlik bəzən yanlış anlaşılır: “Bəzi insanlar onu millətçiliklə qarışdırır və bu da öz növbəsində qarşılıqlı anlaşılmazlıq və konfliktlərə səbəb olur. Lakin vətənpərvərlik başqa xalqlara qarşı nifrət və düşmənçilik deyil, öz xalqının, mədəniyyətinin və tarixi irsinin qorunması və inkişafıdır. Bu, müxtəlif xalqlar arasında qarşılıqlı hörmətin və anlaşmanın əsasını qoyur.

Vətənpərvərlik eyni zamanda hər bir insanın öz ölkəsinə xidmətetmə, onun inkişafına töhfə vermək istəyini əks etdirir. Müstəqil dövlətlər, öz sərhədləri içində sülh və əmin-amanlıq yaradaraq, beynəlxalq münasibətlərdə həmrəyliyin təşviqinə dəstək verirlər. Bu cür vətənpərvərlik, həm daxili, həm də xarici münasibətləri inkişaf etdirən, ölkənin gələcəyini təmin edən bir dəyərdir”.

Dövlət siyasətinin mühüm tərkib hissəsi...

Deputatın sözlərinə görə, ölkəmizin gələcəyi olan gənclərimizin milli mənlik şüurunun inkişafı və vətənpərvərlik hisslərinin tərbiyəsi məsələsi təkcə təhsil və mədəniyyət sahəsinə aid deyil, həm də dövlətimizin gələcəyi, birliyimiz və mənəvi təhlükəsizliyimizlə birbaşa bağlıdır: “Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Dünya sürətlə dəyişir. Qloballaşma, sosial media və texnologiya gənclərin düşüncəsini, dəyərlərini formalaşdırır. Belə bir dövrdə xalqımızın kimliyini qorumaq, vətən sevgisini və mənəvi köklərə bağlılığı saxlamaq hər zamankından daha vacibdir. Son illərdə dövlətimiz və cəmiyyətimiz bu istiqamətdə ciddi addımlar atıb. Təhsil sistemində milli-mənəvi dəyərlərin təbliği, Qarabağ Zəfərinin dərslərdə və ictimai tədbirlərdə gənclərə nümunə kimi təqdim olunması, könüllülük hərəkatının genişlənməsi, gənclər üçün yaradılan inkişaf və karyera mərkəzləri bu işin tərkib hissəsidir. Bu fəaliyyətlər nəticəsində gənclər arasında vətənə sevgi, dövlətçiliyə sədaqət və qürur hissi daha da möhkəmlənib”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır.

Yeganə

1Sources