EN

“Xahiş edirəm, problem yaratmayın, bu, sülh üçün faydalı deyil” – Metyu Brayza

Globalinfo.az ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza ilə müsahibəni təqdim edir:

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanla Avropa İttifaqı (Aİ) arasında imzalanan sənədə sərt reaksiya verib. XİN sənəddə yer alan müddəaların sülh gündəminə uyğun olmadığını qeyd edib. Sözügedən sənəd Ermənistanın hərbiləşdirilməsini, Azərbaycana qarşı ittihamları və əldə olunan razılaşmaların bloklanmasını özündə əks etdirir. Cənab Brayza, bu barədə fikirlərinizi bildirərdiniz. Sülh prosesinin davam etdiyi dövrdə belə bir sənədin imzalanmasında Ermənistan və Avropa Birliyinin məqsədi nə ola bilər?

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı öz-özlüyündə hər şeyi deyir. Avropa İttifaqının Qarabağ münaqişəsinin həllinə qərəzli baxışı, yəni Ermənistanın mövqeyi ilə bağlı bəyanatı Azərbaycan Xarici İşlər Nazirliyini sözsüz ki, narahat edir. Bu bəyanatda deyilir ki, Avropa İttifaqı Azərbaycanın hərbi əməliyyatlarının Qarabağ ermənilərini qaçqın olmağa və qaçmağa məcbur etdiyini iddia edir, halbuki biz bilirik ki, Azərbaycan onları qalmağa çağırır və onlara zərər verilməyəcəyini vurğulayır. Lakin ovaxtkı qondarma "Dağlıq Qarabağ" hakimiyyəti, eləcə də erməni diasporunun bəzi üzvləri yalandan iddia edirdilər ki, Azərbaycan Qarabağ ərazisində həmin etnik ermənilərə qarşı etnik təmizləmə və ya soyqırımı törətmək niyyətindədir. Bu, onları qorxutdu və oranı tərk etdilər. Amma Qarabağ məsələsi üzərində işlədiyim bütün vaxtlardan, yəni 2001-ci ildən bəri Azərbaycanın planı həmişə belə olub ki, Qarabağ erməniləri qalacaq, azərbaycanlılar isə qayıdacaq və hər ikisi yenidən qonşu olacaq.

Bundan əlavə, qondarma rejimin həbsdə olan və ya saxlanılan liderlərini siyasi məhbus adlandırmaq, məncə, səhvdir.

Aİ-Ermənistan sərhəd monitorinq missiyasına gəldikdə, şəxsən mən artıq buna ehtiyac görmürəm, çünki həm Azərbaycan, həm də Ermənistan və onların rəhbərliyi yekun sülh müqaviləsini təmin etmək üçün güclü öhdəlik nümayiş etdiriblər. Beləliklə, Aİ-nin bəyanatı, əlbəttə ki, çox güman ki, güclü erməni diasporunun olduğu Fransanın təsiri altında qərəzli bir yanaşma sərgiləmiş kimi görünür.

- Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev və Almaniyada rəsmi səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dialoq yaşanıb. Baş naziri ermənicə salamlayan səfirimiz regionda ağlasığmaz dərəcədə genişmiqyaslı dəyişikliklərin yaşandığını, hazırkı dövrün münasibətlərimizdə ən sabit və dinc dövr olduğunu qeyd edib. Azərbaycan səfiri, Vaşinqton razılaşmalarının tam yerinə yetiriləcəyinə və konstitusiya ilə bağlı sonuncu maneənin aradan qaldırılacağına ümid etdiyini vurğulayıb. Nikol Paşinyan isə faktı təhrif edərək deyib ki, Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddiası yoxdur. Cənab Brayza, Azərbaycanın sülh üçün ikinci şərti - ona qarşı ərazi iddialarının olduğu Ermənistan konstitusiyasına dəyişiklik edilməsi tələbi hələ də yerinə yetirilmir. Paşinyanın bu mövqeyi nəyə hesablanır və bu, sülh prosesinə necə təsir edir?

- Azərbaycanın Almaniyadakı səfiri Ağayevin Baş nazir Paşinyanı erməni dilində salamlaması gözəl və konstruktiv bir jest idi. Aydındır ki, mən orada olmadığım üçün hansı şəkildə fikir mübadiləsi aparıldığını dəqiq bilmirəm, amma Paşinyanın rəsmi mövqeyi budur ki, Ermənistan konstitusiyasında Azərbaycan ərazisi ilə bağlı heç bir plan və ya ambisiya yoxdur. Baş nazir Paşinyanın bu açıqlaması çox vacibdir.
Paşinyanın Almaniyada verdiyi bu cür açıqlamanı təkzib etməyə çalışmaq konstruktiv deyil, çünki bu, Azərbaycanın eşitməli olduğu və eşitmək istədiyi şeydir. Aydındır ki, Paşinyan Ermənistan konstitusiyasındakı qeyri-müəyyən ifadələrlə bağlı Azərbaycanın narahatlıqlarını aradan qaldırmaq üçün onun dəyişdirilməsinin tərəfdarıdır. O, bunu açıq şəkildə bildirib. Ona görə də Azərbaycan mediasının və ya başqa birinin Paşinyanın açıq şəkildə dediklərini təkzib etməsi faydasız olardı.

O, Ermənistan konstitusiyasının dəyişdirilməsində ciddi siyasi maneələrlə üzləşir. Bunun üçün ona Ermənistan parlamentinin böyük əksəriyyəti və daha sonra konstitusiyanı dəyişdirmək üçün milli referendum lazımdır. Buna nail olmaq siyasi cəhətdən çətindir.

Amma Baş nazir Paşinyan başqa bir şey desəydi, o, çox məyus olardı və əgər o, əslində "bəli, Ermənistan konstitusiyasında Azərbaycan ərazisinin Ermənistanın bir hissəsi olmasına dair istinadlar var" desəydi, Azərbaycan da məyus olardı. Ona görə də xahiş edirəm, burada problem yaratmayın. Bu, sülh prosesi üçün faydalı deyil.

Gülnar Səlimova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
19
olaylar.az

1Sources