EN

Adəm İsmayıl Bakuvi: “İri həcmli sərmayələr Azərbaycanı Orta Dəhlizin ən təhlükəsiz və səmərəli hissəsinə çevirib”



“Cənab Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri zamanı səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycanın xarici siyasət kursu uzunmüddətli strateji planlara, dayanıqlı regional baxışlara və ölkəmizin qlobal nəqliyyat-enerji arxitekturasındakı roluna əsaslanır. Dövlət başçısının “Azərbaycan Şərq ilə Qərb arasında körpü rolunu oynayır” fikri artıq siyasi metafora deyil, reallaşmış faktdır. Son illər nəqliyyat, logistika və infrastruktur sahələrinə yönəldilən iri həcimli sərmayələr Azərbaycanı Orta Dəhlizin ən sabit, təhlükəsiz və səmərəli hissəsinə çevirib. Cənab Prezidentin çıxışında Mərkəzi Asiyanı Avropa ilə birləşdirən əsas marşrutun Azərbaycan ərazisindən keçdiyinin vurğulanması rəsmi Bakının geosiyasi çəkisini daha da artıran faktordur. Bu, təkcə region üçün deyil, qlobal ticarət zənciri üçün strateji əhəmiyyət daşıyır. Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycanın iqtisadi gücünü və Avrasiya məkanındakı rolunu yüksək qiymətləndirməsi də təsadüfi deyil. Onun Azərbaycanın Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik olmasını xüsusi vurğulaması ölkəmizin Avropa üçün etibarlı tərəfdaş statusunu bir daha möhkəmləndirir.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi səsləndirib.

Daha sonra partiya sədri bildirib ki, səfər çərçivəsində aparılan müzakirələr həm də Azərbaycan–Slovakiya münasibətlərinin inkişafında nəqliyyat, enerji və iqtisadi inteqrasiya sahələrinin aparıcı xətti təşkil edəcəyini göstərdi: “Cənab Prezident İlham Əliyevin bağlantılar və nəqliyyat sektoruna yeni investisiyalarla imkanların genişləndiriləcəyini bildirməsi Slovakiya üçün də mühüm mesajdır. Çünki bu sahə iki ölkəni yalnız siyasi yox, eyni zamanda real iqtisadi maraqlar üzərindən birləşdirən strateji platformadır. Azərbaycan bu istiqamətdə formalaşdırdığı müasir infrastrukturla artıq təkcə öz regionunu deyil, Avropanın mərkəzi hissəsini də qlobal logistik şəbəkəyə daha sıx bağlayan əsas həlqəyə çevrilir. Digər tərəfdən, ölkəmizin sürətlə artan enerji potensialı əməkdaşlığın gələcək konturlarını müəyyən edən əsas amildir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda istifadə edilməyən təxminən iki giqavatlıq enerji resursunun beş il ərzində səkkiz giqavata çatdırılması Azərbaycanın enerji tranziti və yaşıl enerji ixracı sahəsində yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu güc təkcə Avropanın enerji təhlükəsizliyində deyil, həm də yüksək texnologiyalar, süni intellekt və data mərkəzləri kimi enerji tutumlu sahələrin inkişafında böyük rol oynayacaq. Slovakiya Prezidentinin ticarət dövriyyəsindəki ciddi artımı xüsusi olaraq qeyd etməsi isə əməkdaşlığın iqtisadi bazasının genişlənməkdə olduğunu sübut edir. Həm Bakı, həm də Bratislava bu potensialın tam istifadə olunmadığını bəyan etməklə əslində qarşıdakı illərdə tərəfdaşlığın daha geniş miqyas alacağına işarə verirlər. Bütün bunlar Azərbaycan–Slovakiya əlaqələrinin strateji məzmununu daha da dərinləşdirir və cənab Prezident İlham Əliyevin səfərini iki ölkə münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirməyə əsas verir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.



Chosen
54
3
aia.az

4Sources