EN

Sülhü kim pozur? – Aİ- Ermənistan tandeminin arxa planı

Xəbər verdiyimiz kimi, Brüsseldə keçirilən Tərəfdaşlıq Şurasının iclasının yekununda Ermənistan və Avropa İttifaqı (Aİ) arasında Strateji Tərəfdaşlıq Gündəliyi imzalanıb. Sənədi Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas imzalayıb. Avropa İttifaqı və Ermənistan arasında imzalanmış sənədin detalları üzə çıxıb. Tərəflər ermənilərin Qarabağa qayıdışı, hərbi əsirlərin geri qaytarılması və silahlanma kimi təhlükəli məsələri strateji hədəf müəyyən ediblər.
 
Ermənistan bir tərəfdən revanş planları, digər tərəfdən isə sülh təşəbbüsləri hazırlayır? Bu plan Avropa İttifaqı tərəfindən hazırlanır?
Moderator.az-a danışan politoloq Natiq Miri deyib ki, Avropa Birliyi vahid iqtisadi, siyasi məkan kimi təqdim olunsa da, reallıqda vəziyyət tamamilə fərqlidir:
 
 “Avropada müxtəlif strukturlar var və bu strukturlar  bir- birini tamamlamaq əvəzinə, müxtəlif güc mərkəzlərinin maraqlarını ifadə edən qərar və qətnamələr qəbul edə bilirlər ki, bu da Avropanın əsas icraedici orqanları ilə ziddiyyət təşkil edir. Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti kimi strukturlar, o cümlədən bəzən Avropa Komissiyası ilə digər strukturlar arasında müəyyən ziddiyyətlərin olması kimi boşluqlar, təzadlar var. Bunlar reallıqdır və bu reallığı Ukrayna -Rusiya müharibəsi açıq şəkildə ortalığa çıxardı. Bəlli oldu ki, Avropa Birliyi o qədər də təqdim olunduğu kimi vahid iqtisadi və siyasi bir məkan deyilmiş. Avropa nə qədər vahid sistem kimi özünü göstərməyə çalışsa da, bəlli oldu ki, Avropa Birliyinin  çevik qərar qəbuletmə mexanizmləri olmayıb. Ayrıca Avropa Birliyi üzv dövlətləri içərisində “basdırılmış minalar” var ki, zaman -zaman Avropa Birliyinin özünün maraqlarının əleyhinə toxunanda partlayır. Buna görə də Avropa Birliyi deyəndə monolit bir siyasi komandadan, ideoloji birlikdən və konkret maraqlardan danışmaq mümkün deyil. Avropa Birliyi və Ermənistan arasındakı bu strateji sənəddə də ortalığa çıxan bəzi məqamlar var ki, bu, Ermənistanın indiki maraqları ilə ziddiyyət təşkil edir. Həmin strateji sənəddə Qarabağdan öz xoşu ilə getmiş ermənilər zorla qovulmuş, didərgin salınmış kimi təqdim olunur ki, bu, reallığı təkzib etmək deməkdir. Eyni zamanda, bu həqiqəti təkzib etməklə Avropa Birliyinin növbəti dəfə riyakar və ikili standart mərkəzi olduğunu ortaya qoyur. Ermənistanın baş naziri Nikol Paşinyan son aylarda bir neçə dəfə açıq şəkildə vurğulayıb ki, Qarabağdan öz xoşu ilə köçmüş ermənilərin Azərbaycana qayıtması məsələsini qabartmaq, bu, Azərbaycan- Ermənistan sülh prosesinə ciddi zərər vurur və buna ehtiyacın olmadığını açıq şəkildə bəyan edib. Baş nazirin bu cür açıqlamasına rəğmən, bu strateji sənəddə belə bir müddəanın yer alması onu deməyə əsas verir ki, bu sənədi daha çox Avropada bəzi maraqlı dairələr hazırlayıb. Görünən odur ki, Ermənistan da təzyiq fonunda bu sənədə imza atmalı olub”. 
 
Politoloq diqqətə çatdırıb ki, bu sənəddə Azərbaycanın dövlət təhlükəsizliyinə qarşı terror törətməkdə günahlandırılan və məhkəmə vasitəsilə ittiham olunan cinayətkarlar “hərbi əsir” adlandırılıb:
 
“Onlar 10 noyabr bəyannaməsi imzalandıqdan  sonra Ermənistandan Azərbaycana sızaraq müəyyən terror və təxribat hadisələri törədərkən işin başında həbs olunmuşdular. Hansı ki, bu terrorçuları o zaman ifşa edən Azərbaycan ordusu yerindəcə məhv edə bilərdi. Bunun üçün əsas vardı, amma  Azərbaycan humanitar nöqteyi nəzərdən bu məsələni sadəcə hüquq çərçivəsinə yönəltdi. Hansı ki, bu gün Azərbaycanın əleyhinə bu faktı istifadə etmək istəyirlər. Avropa Birliyinin əsl siması budur və hər zaman da bu olubdur. Avropa İttifaqı  dünyada ikili standartın önündə gedən güc mərkəzi rolunda çıxış edirlər. Bir tərəfdə Azərbaycanın əhəmiyyətini, geosiyasi faydalılığını anlayan Avropa Birliyi və bu birliyə üzv olan aparıcı dövlətlər Azərbaycanla münasibətləri strateji tərəfdaşlığa yönəlik inkişaf etdirmək cəhdində olurlarsa, başqa tərəfdən, Avropa Birliyində bəzi qüvvələr kriminal erməni lobbisinin təsiri ilə bu cür Azərbaycan – Ermənistan arasında sülh prosesinə zərbə vurmaq üçün sənədlər ortalığa çıxarırlar. Nikol Paşinyanın sülh prosesinin həssas mərhələsində, qarşılıqlı etimadın tədricən  gücləndiyi və sülhə töhfə verən fəaliyyətlərin həyata keçirildiyi bir vaxtda prosesi pozacaq və ya revanşist niyyətlərə xidmət edən addımlar atması inandırıcı görünmür. Çünki güc yolu ilə gələcəkdə revanş götürmək kimi fikirlərin perspektivinin olmadığını Nikol Paşinyan özü dəfələrlə vurğulayıb”.
 
N.Miri qeyd edib ki, Qarabağ klanı, eyni zamanda Avropada və Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən erməni diasporu, Nikol Paşinyan hökumətinə qarşı açıq şəkildə müxalifətdə olduqlarını bəyan edirlər:
 
“Onların maliyyələri ilə fəaliyyət göstərən göstərən qruplar var. Onlar Ermənistanda da mövcuddur və zaman- zaman bu kontekstdə həmin kriminal maliyyə  çərçivəsində Avropaya səfərlər edirlər. Ən azından keçmiş xarici işlər naziri Askaniyanın Avropa Birliyinə səfərləri, Avropa strukturlarındakı bəzi satılmış şəxslərlə görüşləri və məhz bu strateji sənəddə qeyd olunan məsələləri müzakirə edir və bundan Azərbaycanın əleyhinə  gündəmlərin yaradılmasına çalışırlar. Bu gün Nikol Paşınyanın zaman- zaman etiraz etdiyi məsələlər həmin sənədə daxil olunub və yaxud pərçim edilib. O baxımdan Azərbaycan dövlətinin strateji sənədlə bağlı xəbərdarlıq xarakterli açıqlaması yerindədir, ancaq yetərli deyil. Düşünürəm ki, bununla bağlı Ermənistan rəhbərliyindən konkret hesab sorulmalıdır. İnanıram ki, belə də olacaq. Çünki bunun mütləq mənada hesabı verilməlidir. Dövlət başçısı bir söz deyib, ancaq rəsmi müqavilə sənədlərində başqa şeyi qeyd etmək və imzalamaq bu, açığı, etimadını sarsıdan məsələlərdir və inanıram ki, bu hesab sorulacaq və bunun cavabı veriləcək. Əks təqdirdə bu, Azərbaycanla sülh prosesinin pozulması deməkdir ki, bu da 2026-cı il parlament seçkilərində Nikol Paşinyana vurulan ən böyük zərbə olacaq. Çünki Paşinyanın öyündüyü yeganə məsələ və  əlində tutduğu bayraq Azərbaycanla sülh məsələsidir. Bu məsələ ortalıqdan  çıxdığı təqdirdə, Nikol Paşinyan əlbəttə ki, seçkilərdə məğlubiyyətə düçar olacaq ki, bu da dolayısı ilə Rusiyanın, revanşist qüvvələrin qazanması anlamına gəlir. Ona görə bu nə qədər gec deyil, fərqinə varmaq lazımdır. Doğrudur, bu sənədi ləğv etmək mümkün olmayacaq. Ancaq bəzi addımların atılması və bu yöndə konkret rəsmi açıqlamaların verilməsi mümkün ola bilər. Əks təqdirdə, Nikol Paşinyanın planlaşdırdığı bütün qayələr hamısı yerlə yeksan olacaq, fiaskoya uğrayacaq. Bir tərəfdə Türkiyə ilə münasibətlərin tənzimlənməsi, sərhədlərin açılması, digər tərəfdən Azərbaycanla artıq blokadada olan nəqliyyat kommunikasiyaların açılması və digər məsələlər baş tutmayacaq. Və nəhayət, sülh məsələsi uğursuz olacaq ki, bu da hökumət üçün bütövlükdə erməni cəmiyyəti üçün böyük bir faciələrə gətirib çıxardacaqdır”.
 
Mehin Mehmanqızı
 
Chosen
15
1
moderator.az

2Sources