EN

Çağdaş müəllimin peşə kimliyi

İndiki “dərs yükü”, yoxsa sabahkı “tam ştat”?

Müəllimlərin gündəlik 8 saatlıq tam iş rejiminə keçirilməsi təklifi son günlərin ən çox müzakirə olunan mövzularındandır. Elm və təhsil naziri Emin Əmrullayevin ifadə etdiyi “tam ştatlı müəllim” anlayışı bu təşəbbüsün mahiyyətini açır.

Nazir qeyd edir ki, müəllim məktəbdə özünü, sadəcə, dərs deyən şəxs deyil, tam hüquqlu pedaqoq kimi hiss etməlidir. İlkin olaraq, 20 min müəllimin bu modelə cəlb olunması planlaşdırılır və bu, dəyişikliklərin sistemli olacağına zəmin yaradacaq. Lakin bu model bəzi suallar da doğurur. Çünki burada artıq təkcə iş saatı deyil, təhsilin mahiyyəti, müəllimin sistemdəki rolu və şagirdin bilik səviyyəsi də önəm daşıyır.

Müəllimin məktəbdə daha çox qalması təhsilin keyfiyyətinin artmasına xidmət edəcəkmi? Dünya təcrübəsi göstərir ki, səmərəli təhsil vaxtın necə qurulması ilə ölçülür. Bu baxımdan, şagirdin dərs yükünün artırılması, proqramların optimallaşdırılması, tədris mühitinin yenilənməsi kimi əsaslı addımlar paralel getməzsə, yalnız müəllimin iş rejiminin dəyişməsi təhsil keyfiyyətinə ciddi təsir etməz.

Bu modelin sual doğuran tərəflərindən biri də müəllimin onu necə qarşılamasıdır. Əgər iş vaxtı artırılır, lakin əməkhaqqı, sosial təminatlar və peşəkar inkişaf imkanları eyni səviyyədə qalırsa, bu, yorğunluq və müəllimin həvəsdən düşməsinə səbəb ola bilər. Modelin müsbət tərəfləri ilə yanaşı, qayğıları da var. Bu, məktəblərin infrastrukturu ilə bağlıdır. Böyük şəhər məktəblərində kabinet sistemi, müəllim otaqları, internet və texniki imkanlar müəyyən dərəcədə mövcud olsa da, bir çox kənd və kiçik məktəblərdə müəllimin gün ərzində işləməsi üçün normal şərait yoxdur.

Digər məsələ əlavə vaxtın formal iclaslar, lazımsız hesabatlar və bürokratik tapşırıqlarla doldurulmasıdır. Dünya təcrübəsi göstərir ki, Avstraliya və Böyük Britaniya kimi ölkələrdə müəllimlərin iş vaxtının həddindən artıq administrativ işlərlə yüklənməsi həm stresi artırır, həm də peşədən kənarlaşma riskini yüksəldir. Ona görə də, Azərbaycan modelində əlavə vaxt tədrisin keyfiyyətinə yönəldilə bilər.

8 saatlıq “tam ştatlı müəllim” modelinin gündəmə gəlməsi Azərbaycan təhsilində uzun illərdir mövcud olan struktur ziddiyyəti – müəllimin real iş vaxtı ilə əməkhaqqı arasında uyğunsuzluğu aradan qaldırmaqla bağlıdır. İndiyə qədər məktəbdə müəllim əməyinin böyük hissəsi dərs saatı ilə ölçülürdü. Dərsə hazırlıq, yazı işlərinin yoxlanılması, fərdi məşğələlər, valideynlərlə ünsiyyət, metodik fəaliyyət və məktəbdaxili layihələr isə faktiki olaraq “görünməyən əmək” statusunda qalırdı. Elm və Təhsil Nazirliyinin yeni yanaşması məhz bu görünməyən əməyin institusional şəkildə tanınmasını hədəfləyir.

Rəsmi məlumatlara əsasən, Azərbaycan müəllimlərinin böyük bir hissəsinin dərs yükü həftə ərzində 20 saatdan artıqdır, lakin bu, müəllimin məktəbdə keçirdiyi faktiki vaxtı tam əhatə etmir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən açıqlanmış TALIS (Teaching and Learning International Survey) tədqiqatlarında Azərbaycan müəllimlərinin həftəlik iş yükü orta hesabla 24-25 saat kimi təqdim olunur ki, bu da iştirakçı ölkələr arasında ən aşağı göstəricilərdəndir. Bu rəqəm reallığı tam əks etdirmir, çünki müəllimlərin dərsdənkənar fəaliyyəti ölçülmür və sistem tərəfindən tanınmır.

Yeni modeldə isə müəllimin həftəlik 30-36 saatlıq iş vaxtı çərçivəsində 18-24 saat dərs, qalan müddətdə isə tədrisin keyfiyyətinə birbaşa təsir edən fəaliyyətlərin nəzərdə tutulması, statistik baxımdan da Azərbaycanı OECD ölkələrinin orta göstəricilərinə yaxınlaşdırır.

Məsələn, Finlandiyada müəllimlər həftədə orta hesabla 32–34 saat işləyir, bunun yalnız təxminən 18–20 saatı dərsdir, Almaniyada ümumi iş vaxtı 40 saata yaxın olsa da, dərs yükü bundan xeyli azdır. Cənubi Koreyada müəllimlərin illik dərs saatı OECD ortalamasından aşağı, amma şagird nailiyyətləri PISA nəticələrinə görə dünya liderləri sırasındadır. Bu müqayisələr göstərir ki, keyfiyyət daha çox dərsə ayrılan vaxtdan kənar peşəkar fəaliyyətin düzgün təşkil edilməsi ilə formalaşır.

Hüquqi çərçivə baxımından da Elm və Təhsil Nazirliyinin mövqeyi əsaslıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91-ci maddəsində gündəlik 8 saatlıq, həftəlik 40 saatlıq iş rejimi ümumi norma kimi müəyyən edilib. Eyni zamanda, Məcəllənin 93-cü maddəsi əmək funksiyasının xüsusiyyətlərinə görə həftəlik iş vaxtının daha qısa müəyyən edilə biləcəyini nəzərdə tutur ki, bu da təhsil sahəsində geniş tətbiq olunan 36 saatlıq pedaqoji iş vaxtına hüquqi baza yaradır.

“Təhsil haqqında” Qanunun 32-ci maddəsində isə müəllim əməyinin qiymətləndirilməsində differensial yanaşmanın tətbiqi açıq şəkildə qeyd olunur və bu, yalnız dərs saatına deyil, pedaqoji fəaliyyətin bütün komponentlərinə görə ödənişin mümkünlüyünü təsbit edir. Bu normativ baza göstərir ki, problem qanunvericilikdə boşluqdan yox, mövcud qanunların uzun müddət ənənəvi, dar çərçivədə şərh olunmasından doğub. Nazirliyin təşəbbüsü həmin qanunların məntiqinə uyğun olaraq yeni idarəetmə modelini formalaşdırmaq cəhdi kimi dəyərləndirilməlidir.

Təhsil eksperti Kamran Əsədov bildirdi ki, maaş məsələsi bu modelin ağrılı, eyni zamanda, perspektivli tərəfidir:

– Dövlət Statistika Komitəsinin son məlumatlarına görə, ölkə üzrə orta aylıq əməkhaqqı 1000 manatdan artıqdır. Hazırkı orta müəllim maaşı isə bu rəqəmdən xeyli aşağıdır. Elm və Təhsil Nazirliyi tam ştatlı müəllim üçün hədəf olaraq ölkə üzrə orta maaşdan azı iki dəfə yüksək əməkhaqqı gündəmə gətirməklə müəllim peşəsinin sosial statusunu yüksəltməyi qarşıya məqsəd qoyur. Bu yanaşma beynəlxalq təcrübə ilə də uzlaşır: OECD ölkələrində müəllim maaşları bir çox hallarda milli orta əməkhaqqına yaxın və ya ondan yuxarıdır, xüsusən karyeranın orta və son mərhələlərində bu fərq daha da artır. Maaşın saat əsaslı deyil, iş vaxtı əsaslı sistemə keçməsi müəllimi süni şəkildə dərs saatı artırmağa məcbur etmir, əksinə, stabil gəlir fonunda daha keyfiyyətli dərsə hazırlaşmaq, zəif şagirdlərlə işləmək və məktəbin inkişafına töhfə vermək imkanlarını genişləndirir. Şagird üçün isə bu, məktəbdə daha əlçatan müəllim, daha çox fərdi dəstək və repetitorluğa alternativ imkanlar deməkdir.

Müqayisəli yanaşma göstərir ki, Azərbaycan üçün təklif olunan model nə ekstremal, nə də riskli sayılmalıdır. Finlandiya, Estoniya, Sinqapur kimi uğurlu sistemlərdə müəllim məktəbdə dərsdən daha artıq vaxt keçirir, amma bu vaxt peşəkar inkişaf, komanda işi və şagirdyönümlü fəaliyyətlərlə balanslaşdırılır. Azərbaycan modeli də eyni fəlsəfəni paylaşır, sadəcə, yerli reallıqlara uyğun mərhələli tətbiq tələb edir. Rayon və kənd məktəblərində isə hibrid həllərin, müəllimin bir neçə məktəb arasında bölüşdürülməsi və ya tam ştatın fərqli normativlərlə tətbiq edilməsi kimi mexanizmlərin saxlanılması sosial ədalət baxımından daha məqsədəuyğundur.

252 saylı tam orta məktəbin riyaziyyat müəllimi Sevinc Cəfərova qeyd etdi ki, müəllimin işi təkcə sinfə girib dərs demək deyil. Dərsə hazırlıq, şagirdlə fərdi iş, zəif oxuyan uşaqlarla əlavə məşğələlər, valideynlərlə ünsiyyət – bunların hamısı işimizin görünməyən tərəfləridir:

– Bu model həmin “görünməyən əməyin” sistemli şəkildə tanınmasına imkan yarada bilər. Əgər düzgün tətbiq olunarsa, bu modelin təhsil sisteminə mütləq təsiri olacaq. Müəllim məktəbdə daha planlı şəkildə vaxt keçirərsə, dərslərin keyfiyyəti də yüksələr. Xüsusilə, riyaziyyat kimi fənlərdə şagirdlə fərdi iş çox önəmlidir.

Bu rejim həmin işi daha sistemli etməyə imkan yarada bilər. Eyni zamanda, bu model sadəcə “məktəbdə daha çox qalmaq” müəllimin peşəkarlığının və nüfuzunun artırılması kimi başa düşülməlidir. Müəllim məktəbdə nə qədər dəyərli hiss edərsə, şagird də bir o qədər keyfiyyətli təhsil alar.

Ləman TƏHMƏZ
XQ

Chosen
11
1
xalqqazeti.az

2Sources