EN

ETSN yanında İctimai Şuranın sədri QHT sektorunun problemlərindən danışdı

Dövlət–Özəl Sektor–QHT Platforması çərçivəsində 9 dekabr tarixində Bakıda keçirilən Forumun III panelində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın sədri Amin Məmmədov çıxış edərək vətəndaş cəmiyyətinin formalaşması, beynəlxalq təşkilatlarla münasibətlər və sektorun hazırkı maliyyələşmə problemləri barədə fikirlərini bölüşüb.

QHT.az xəbər verir ki, Amin Məmmədov gənclik illərindən QHT-lərin fəaliyyətində könüllü kimi iştirak etdiyini, təşkilati idarəetmə və loqistika təcrübəsini məhz həmin layihələrdə qazandığını bildirib:

“O vaxt tələbə idim, könüllü kimi tədbirlərdə masaüstü materiallar düzür, su və kitabçalar paylayırdım. Həmin təşkilatçılıq təcrübəsindən çox şey öyrənmişəm və bu gün QHT rəhbəri kimi nələrə diqqət edilməli olduğunu daha yaxşı dərk edirəm. Azərbaycan vətəndaş cəmiyyətinə qarşı beynəlxalq səviyyədə yanlış təsəvvürlər formalaşdırılırdı”.

Amin Məmmədov forumda çıxışı zamanı beynəlxalq tədbirlərdə iştirakı zamanı bəzi dairələrin Azərbaycan QHT-ləri haqqında yanlış təsəvvür yaratmağa çalışdıqlarını vurğulayıb:

“Mən çalışdım ki, xarici nümayəndələr Azərbaycan vətəndaş cəmiyyətinə real gözlə baxsınlar. Uzun illər bəzi donor təşkilatları müəyyən məqsədlərə xidmət edirdi və QHT-ləri bəzən dövlətə qarşı spekulyasiya vasitəsi kimi istifadə etməyə çalışırdılar. Ancaq bu, ümumi mənzərə deyil. Azərbaycan vətəndaş cəmiyyətinin böyük qismi həmişə dövlətçiliyə sadiq olub. Xarici qrantların məqsədli məhdudlaşdırılması bir çox ölkədə tətbiq olunan normal təcrübədir və dövlətin bu sahədə ehtiyatlı yanaşması təbiidir. Demokratiya və insan hüquqları sahəsində xarici maliyyələşmə həssas məsələdir. Amma ətraf mühit, sosial və səhiyyə kimi sahələrdə qrantlara daha çevik mexanizmlər tətbiq edilə bilər. Daxili maliyyələşmə yaxşılaşdırılmalıdır – dövlət dəstəyi kifayət etmir”.

Çıxışının sonunda Amin Məmmədov QHT-lərin əsas probleminin maliyyə dayanıqlığı olduğunu, vətəndaş cəmiyyətinin dövlət qurumları ilə tərəfdaşlıqda daha sistemli şəkildə iştirak etməsinin vacibliyini vurğulayıb:

“Dövlətin maliyyə dəstəyi var, amma çox məhduddur. Xarici qrantların məhdudluğu fonunda QHT-lərin dayanıqlı fəaliyyət göstərməsi çətinləşir. Biz yalnız xarici vəsaitlərə bağlı olmamalıyıq, lakin daxili maliyyələşmə mexanizmləri də kifayət qədər güclü deyil.”

 

Pərvanə Fərhadqızı

Chosen
46
qht.az

1Sources