EN

Kişi onu videoya çəkən azyaşlını qovaraq xəsarət yetirdi - MƏHKƏMƏ

Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Mirzə Salahovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Yardımlı Rayon Məhkəməsinin hökmü dəyişdirilib, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsindən həmin Məcəllənin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsinə tövsif edilib və o, həmin maddə ilə təqsirli bilinib. Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona cəza təyin olunmayıb. Mirzə Salahov barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.


İttihama görə, hadisə 23 may 2022-ci il tarixdə, saat 18 radələrində Cəlilabad rayonunun Şötüklü kəndində yerləşən otlaq sahəsində qeydə alınıb.


İstintaq materiallarına əsasən, 1978-ci il təvəllüdlü Mirzə Salahov əvvəlcədən tanıdığı Dadaş Dadaşov (adı, soyadı şərtidir) özünə məxsus iri buynuzlu heyvanları onun əkin sahəsinə salmağa cəhd etdiyini iddia edərək mübahisə edib. Bu zaman Dadaşın azyaşlı oğlu, zərərçəkmiş Binnət Dadaşov (adı, soyadı şərtidir) əlindəki “Samsung A3” markalı mobil telefonla hadisəni videoya çəkməyə başlayıb. Bu hal təqsirləndirilən şəxsi qəzəbləndirib.


Mirzə istintaqla müəyyən edilməyən təsərrüfat təyinatlı alətlə azyaşlının üzərinə hücum edərək cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib, ictimai qaydaya laqeydlik göstərərək onu kənd istiqamətində təxminən bir kilometr məsafədə qovub. Daha sonra ona çataraq əlindəki alətlə Binnətin sağ baldır nahiyəsinə qəsdən bir zərbə vurub və ona yüngül bədən xəsarəti yetirib.

 

Bundan əlavə, zərərçəkmişin əlində olan 460 manat dəyərində “Samsung A3” mobil telefonu tam yararsız vəziyyətə salınıb.


Yardımlı Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 4 ay 7 gün müddətə azadlıqdan məhrum edilmişdi.

Kamal Məmmədov 

Tarix: 10 Dekabr 2025, 09:09   
Chosen
83
pravda.az

1Sources