Bəzi insanlar günə bir fincan qəhvə ilə başlamağı sevir, bəziləri isə çayın dadından vaz keçə bilmir. Hərçənd azərbaycanlılar üçün çay xüsusi yer tutur. Lakin arıqlamaq istəyənləri ən çox maraqlandıran isə hansının arıqlama prosesinə təsirinin daha güclü təsir etməsi ilə bağlıdır. Metbuat.az-ın məlumatına görə, idmançı, sağlam həyat tərzi üzrə motivator Elnur Nəmatov bildirib ki, qara çay səhv zamanda və səhv şəkildə içildikdə çəki ləngiməsinə səbəb olur: “Belə ki, qara çay ac qarına içiləndə qanda kortizol artır, metabolizmi ləngidir və bədən “yağ saxlama” rejiminə keçir. Qara çay mədədə turşuluğu artırır, bədəndə stress hormonu (kortizol) yüksəlir, iştah artır, insan gün ərzində daha tez acır və şirniyyat istəyi güclənir. Çox dəmlənmiş çay isə çox içildikdə elektrolit balans pozulur, su itkisi artır və orqanizm su saxlamağa başlayır. Nəticədə bədəndə ödəm yığılır”. Mütəxəssis qəhvənin də arıqlama prosesinə təsirindən danışıb: “Qəhvə metabolizmi aktivləşdirməsinə baxmayaraq, səhv miqdarda içilərsə, diyet nəticələrini bir qədər dəyişə bilər. Qəhvə içdikdən 20–30 dəqiqə sonra kortizol yüksəlir. Bu, bədən üçün stress yaradaraq metabolizmin səmərəsini bir az azaldır, çünki kortizol yüksək olduqda bədən yağ yandırmaq əvəzinə, saxlamağa meylli olur. Qəhvə gec saatlarda içilərsə, yuxuya da təsir edir. Yuxu çatışmazlığı isə metabolizmin yavaşlamasına və arıqlamanın ləngiməsinə səbəb olur. Bəzən qəhvə aclığı basdırır və insan lazımınca qidalanmır. Dietdə həzm prosesi həssas olduğundan, çox qəhvə içən şəxslərdə mədə yanması, şişkinlik, bağırsaq narahatlığı daha çox müşahidə olunur. Bu da bədən üçün stress və arıqlama ritmini pozmaq deməkdir”. E.Nəmatov qeyd edib ki, çay və qəhvənin vaxtı, miqdarı və istifadə qaydası düzgün seçilməlidir: “Doğru olan səhər yeməyindən sonra yüngül çay içmək, günün birinci yarısında tək fincan qəhvə qəbul etməkdir. Ac qarına, çox dəmlənmiş, gec saatlarda və həddindən artıq içilən həm çay, həm də qəhvə arıqlamanı ləngidən “düşmən”ə çevrilir”. Sevinc İbrahimzadə / Metbuat.az