EN

Qətər süni intellekt infrastrukturunun inkişafına 20 milyard dollar investisiya yatırır

Qahirə, 9 dekabr, AZƏRTAC

Qətərin İnvestisiya Təşkilatı “Brookfield Asset Management” şirkəti ilə süni intellekt infrastrukturunun inkişafı məqsədilə birgə layihə həyata keçirməyə başlayıb.

AZƏRTAC xəbər verir ki, “Brookfield Asset Management” və Qətərin 524 milyard dollarlıq suveren fondu tərəfindən yeni yaradılmış “Qai” şirkəti Qətərdə və beynəlxalq bazarlarda süni intellekt infrastrukturuna investisiya qoyuluşu üçün 20 milyard dollar həcmində kapital ayıracaq.

“Brookfield Asset Management” bu layihəyə yaxın zamanda istifadəyə verdiyi yeni Süni İntellekt Fondu vasitəsilə sərmayə qoyur. Fondun məqsədi qlobal səviyyədə 100 milyard dollara qədər investisiya cəlb etməkdir və artıq Küveyt İnvestisiya Təşkilatı da daxil olmaqla bir sıra investorların investisiya öhdəliklərini alıb.

Şirkət hazırda təxminən 1 trilyon dollarlıq aktivi idarə edir və son illərdə Körfəz Əməkdaşlıq Şurası ölkələri bölgəsində ən fəal xarici investorlardan biridir.

“Brookfield Asset Management” hesab edir ki, qlobal süni intellekt infrastrukturunun qurulması növbəti on il ərzində 7 trilyon dollar tələb edəcək. Yaxın Şərqin ən böyük suveren fondlarının trilyonlarla dollarI var və bu, nəhəng tələbatı ödəməkdə əsas dayaqlardan birinə çevrilir.

Qətər bir sıra ölkələrdə süni intellekt layihələrində yaxından iştirak edir. Belə ki, Qətər İnvestisiya Təşkilatı Silikon Vadisində yerləşən “Anthropic” şirkətinin 13 milyard dollarlıq maliyyələşdirmə raundunda iştirak edib, həmçinin “Blue Owl Capital” şirkəti ilə 3 milyard dollarlıq data mərkəzləri layihəsində əməkdaşlığa başlayıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Chosen
36
azertag.az

1Sources