EN

Yüksəksəviyyəli münasibətlərin yeni səhifəsi

Azərbaycan və BƏƏ iqtisadi əməkdaşlığın yeni gündəliyini müəyyənləşdirir

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bir sıra şirkətlərinin rəhbərlərini qəbul edərkən ölkələrimiz yüksəksəviyyəli arasında iqtisadi münasibətlərin inkişafına diqqət çəkərək hazırda yeni imkanların nəzərdən keçirildiyini və tanınmış şirkətlərin bu proseslərdə fəal roluna toxunub. Əlaqələrimizin strateji tərəfdaşlıq müstəvisinə qalxdığını deyən dövlətimizin başçısı iqtisadi münasibətlərin mövcud vəziyyətinin müxtəlif sahələrdə əməkdaşlıq üçün əlverişli zəmin yaratdığını xatırladıb. Xüsusilə də son dövrlərdə intensivləşən iqtisadi təmaslar fonunda enerji infrastrukturu, “yaşıl enerji”, investisiyalar, informasiya texnologiyaları, mədən sənayesi və digər sahələrdə ərəb şirkətlərinin investisiyaları üçün əlverişli mühit təmin edilməkdədir.

Görüşdə BƏƏ-nin nüfuzlu şirkətlərinin - “2PointZero”, “International Holding Company” və “International Resources Holding”in rəhbərləri Azərbaycanda yaradılmış əlverişli və münbit biznes imkanlarından faydalanmaq niyyətlərini ifadə ediblər. “2PointZero” şirkətinin sədri Şeyx Zayed bin Hamdan bin Zayed Əl Nəhyan qeyd edib ki, BƏƏ Prezidentinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirmək barədə tapşırığına əsasən, biznes icması öz potensial planlarını tərtib edir və praktiki addımların atılması nəzərdə tutulur.

İqtisadi gündəliyin çoxşaxəli istiqamətləri Göründüyü kimi, BƏƏ-nin dünya miqyaslı nəhəng korporosiayalarının və iş adamlarının Azərbaycana intensiv xarakter alan səfərləri Bakı-Əbu-Dabi əlaqələrinin strateji tərəfdaşlığının nümunəsi olmaqla, ticarət, iqtisadiyyat, enerji, ətraf mühit kimi sahələrdə əməkdaşlıq üçün yeni qapıların açılmasını təşviq edir. Müasir iqtisadi gündəliyin geniş və çoxşaxəli istiqamətləri müəyyənləşir. Əgər bir neçə ilə qədər Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi proqramların əsas xətti neft-qaz və enerji sahələrini əhatə edirdisə, son illərdə iqtisadi coğrafiya xeyli genişlənib və qeyri-neft sektorunun bütün istiqamətlərində əlverişli işgüzar təmaslar qurulub və bu əməkdaşlıq dayanmadan irəliləyir.

BƏƏ şirkətləri Azərbaycanın strateji tərəfdaşı kimi enerji və iqtisadi inkişafa töhfə verir. Bu ölkənin nəhəng investoru  “Masdar” Azərbaycanda ən potensial investorlardan biridir, şirkət 230 meqavatlıq Qaradağ Günəş Elektrik Stansiyasına 262 milyon dollarlıq sərmayə yatırıb və stansiya ötən il istifadəyə verilib.

“Masdar”la imzalanmış digər sazişlərə əsasən, Biləsuvarda 445 MVt, Neftçalada 315 MVt gücündə iki günəş elektrik stansiyası və Qaradağda 240 MVt gücündə bir külək elektrik stansiyasının inşası nəzərdə tutulur. Ümumi sərmayə dəyəri 1 milyard dollar məbləğində qiymətləndirilən 3 layihənin təməlinin atılması bərpaolunan enerji sektorunda böyük sərmayə bumunun nümunəsi hesab edilə bilər. Bundan başqa, “Masdar”la SOCAR arasında Naxçıvan Muxtar Respublikasında 500 MVt gücündə bərpaolunan enerji layihələrinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb.

“Masdar” şirkəti Azərbaycan şirkətləri ilə birgə Xəzər dənizində 3,5 qiqavat gücündə dəniz külək elektrik stansiyası layihəsi üzərində işləyir. İnvestisiya planına əsasən, Azərbaycanın bərpaolunan enerji sahəsinə 2 milyard dollardan artıq sərmayə yatırılacaq. Bu iri layihələr nəhəng investisiya portfelinin göstəricisi kimi BƏƏ şirkətlərinin ölkəmizə olan yüksək münasibətini əks etdirir.

Azad ərazilərdə BƏƏ investisiyaları üçün imkanlar

Tərəflər digər investisiyayönümlü layihələr üzərində fəal iş aparır və səfər çərçivəsində ölkəmizə gəlmiş nümayəndə heyətlərinin tərkibində nüfuzlu səhmdarların yer alması da bunu təsdiqləyir.  Müasir strateji baxış isə əsas etibarilə qeyri-neft bölmələrinə fokuslanıb və hazırda ticari dövriyyədə nəzərə çarpan dinamikanın da əsas hərəkətverici xətti qeyri-neft üzrə əmtəə mübadilələridir. Qeyri-neft sektorunda ticarət dövriyyəsi 2024-cü ildə 2,24 milyard dollara qədər artıb. Bu, olduqca böyük dövriyyədir və Ərəb dövlətləri blokunda ən böyük göstəricidir.

İmkanlar isə daha böyükdür. Mövcud potensialları bir platformada birləşdirən tərəflər müştərək iqtisadi hədəfləri həyata keçirmək üçün daha geniştutumlu Yol Xəritəsi hazırlayıb.

Azərbaycanla BƏƏ arasında qurulmuş uzunmüddətli uğurlu tərəfdaşlığın əsas prioritetləri sırasına azad edilmiş ərazilərdə müxtəlif sahələrdə iş qurmaq, o cümlədən bərpaolunan enerji və turizm infrastrukturlarını inkişaf etdirmək də daxildir. Tərəflər arasında bərpaolunan enerji sahəsində imzalanmış mühüm sazişlər bu istiqamətdə möhkəm hüquqi-iqtisadi baza yaradır. Həmçinin, Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın bu ilin sentyabrında Azərbaycana səfəri çərçivəsində Qarabağdakı işlərlə və sərmayə mühiti ilə yaxından tanış olması və səfərdən sonra ərəb iş adamlarına tövsiyələr verməsi bu istiqamətdə işgüzar fəaliyyət üçün mühüm motivasiya deməkdir. Həmçinin, bir neçə ərəb biznes təmsilçisinin də azad ərazilərdə olması Birləşmiş Ərəb Əmirliklərinin Qarabağda sərmayə niyyətlərinin ifadəsi kimi qəbul oluna bilər.

Beləliklə, BƏƏ-nin “2PointZero”, “International Holding Company” və “International Resources Holding” şirkətlərinin rəhbərlərinin Azərbaycanın dövlət başçısı tərəfindən yüksək səviyyədə qəbul edilməsi iqtisadi-ticari əlaqələrin yüksək səviyyəyə çatmasına, investisiya üzrə proqramların həlledici mərhələyə daxil olmasına imkan yaradacaq.

ELBRUS CƏFƏRLİ

1Sources