EN

Azərbaycan - Qırğızıstan: Əməkdaşlıq imkanları genişlənir

Ümumi tarixi köklərə, əsrlər boyu mövcud olan dostluğa əsaslanan Azərbaycan - Qırğızıstan əlaqələri bu gün də uğurla inkişaf edir.  Hər iki ölkədə həm dövlətlər, həm də cəmiyyətlər səviyyəsində möhkəm tarixi zəmin üzərində qurulan və artıq strateji xarakter alan münasibətlərin daha da dərinləşdirilməsinə böyük siyasi iradə və istək var. Qarşılıqlı münasibətlərin əhatə dairəsi kifayət qədər genişdir. Elə bu günlərdə Prezident İlham Əliyev Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən böyük məmnunluq ifadə olunub.

Yüksəksəviyyəli qarşılıqlı səfərlərin rolu

Dünya praktikasında yaxşı bir ənənə yaranıb - liderlər arasında formalaşan şəxsi münasibətlər dövlətlərarası münasibətlərə də güclü pozitiv impuls verir.  Bu mənada deyə bilərik ki, Prezident İlham Əliyevlə Prezident  Sadır Japarovun həm ikitərəfli, həm də çoxtərəfli platformalarda sıx təmasda olmaları, bir-birlərinə səmimi münasibət bəsləmələri Azərbaycan-Qırğızıstan əlaqələrinin daha yüksək dinamika ilə irəliləməsinə güclü təsir göstərir.  Təsadüfi deyil ki, görüşdə son illərdə ikitərəfli münasibətlərimizin sürətlə inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu məsələdə yüksəksəviyyəli qarşılıqlı səfərlərin roluna toxunub. Belə təmaslar izsiz ötüşmür. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından çox əhəmiyyətlidir. Liderlərin apardıqları müzakirələr və aldıqları qərarların nəticəsidir ki, bu gün Azərbaycan-Qırğızıstan münasibətlərinin gündəliyinin əhatə dairəsi kifayət qədər genişdir. Əməkdaşlıq üçün energetika, nəqliyyat sahələrində böyük potensial mövcuddur. Azərbaycan Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıdır. Nəqliyyat sahəsinə gəldikdə, həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir.

Görüşdə Prezident İlham Əliyev Qırğızıstanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərinə dəstək verməsinə xüsusi diqqət çəkib. Qalib Azərbaycan bəhs olunan ərazilərin yenidən qurulmasına  müharibə başa çatandan dərhal sonra başlayıb. Son 5 ildə bu ərazilərdə çoxsaylı infrastruktiur layihələri həyata keçirilib və yaşayış məntəqələrinin məskunlaşdırılmasına başlanıb. İşğaldan azad olunmuş ərazilərin bərpasında dost ölkələr respublikamızın yanındadırlar və Qırğızıstan da bu sırada yer alır. Dost ölkə tərəfindən Ağdamın Xıdırlı kəndində  Ayköl Manas adına tam orta məktəb binası tikilərək istifadəyə verilib. 2025-ci il 3 iyul tarixində iki ölkənin dövlət başçılarının iştirakı ilə məktəbin açılış mərasimi baş tutub. Qeyd edək ki, 528 şagird yerlik tam orta məktəbin təməli 2024-cü ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən qoyulub. Təhsil müəssisəsinin maddi-texniki bazası şagirdlərə biliklərə yüksək səviyyədə yiyələnmək üçün hərtərəfli şərait yaradır.

Qırğızıstanın dost dəstəyi yalnız bu məktəbin inşası ilə bitmir. Görüşdə Azərbaycan Prezidenti Qırğızıstanın dövlət başçısı tərəfindən hədiyyə olaraq 200 yakın işğaldan azad edilmiş ərazilərimizə göndərilməsini də dostluq münasibətimizin təzahürü olduğunu deyib. Ümumiyyətlə, iki ölkə arasında humanitar-mədəni sahədə əlaqələr öz zənginliyi ilə fərqlənir. Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin ucaldılması, Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının salınması və Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin istifadəyə verilməsi bunun əyani təsdiqidir.

İlk layihənin icrasına start verilib

İki ölkə arasında iqtisadi-ticari sahədə fəal əməkdaşlıq əlaqələrinin qurulması da  məmnunluq doğurur. Ticarət dövriyyəsi dəfələrlə artıb. Mütləq rəqəmlər hələ çox böyük olmasa da, potensialın artması tendensiyası mövcuddur. Ötən ilin aprel ayında  Sadır Japarovun ölkəmizə səfəri çərçivəsində Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnamə fondu haqqında Sazişə əlavənin imzalanması əlamətdar hadisədir. Nizamnamə fondu 4 dəfə - 25 milyon dollardan 100 milyon dollara qədər artırılıb. Bu da onunla şərtlənir ki, çoxlu müraciət var. Verilən məlumata görə müraciətlərin sayı 40-ı ötüb.

Bildirildiyi kimi, ilk layihənin icrasına start verilib. Belə ki,  İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyələşdirdiyi beşulduzlu otelin tikintisinə başlanılıb. Bu kimi faktlara istinadən bəri başdan demək mümkündür ki, 100 milyon dollar da son hədd olmayacaq. Görüşdə siyasi qarşılıqlı fəaliyyətin gündəliyinin çox geniş olduğunu deyən Prezident İlham Əliyev hər iki dövlət başçısının qərarı ilə yaradılan Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanıldığını, bir neçə layihənin isə maliyyələşmə mərhələsində olduğunu qeyd edib. Dövlətimizin başçısı vurğulayıb ki, fondun kapitalının formalaşması üçün ölkəmiz maliyyə vəsaiti ayırıb və layihələrin sayının artacağı təqdirdə, Azərbaycan tərəfindən əlavə vəsait ayrılacaq.

Mərkəzi Asiya ilə Cənubi Qafqaz regionu daha sıx bağlanacaq

Cari il noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib. Əlamətdar haldır ki, həmin tədbirdə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu üzv kimi qəbul edilməsinə qərar verilib. 

Həmçinin Sadır Japarov tədbirdəki çıxışında  ölkəsinin Azərbaycanın tamhüquqlu üzv qismində Məşvərət görüşləri formatına qoşulması təşəbbüsünü dəstəklədiyini qətiyyətlə vurğulayıb. Görüşdə ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olduğunu qeyd edən dövlətimizin başçısı buna görə Qırğızıstana və digər ölkələrə minnətdarlığını bildirərək vurğulayıb ki, bu, Mərkəzi Asiya ölkələri ilə Cənubi Qafqaz regionunu daha sıx bağlayacaq, hər iki istiqamətdə fasiləsiz və sabit yükdaşımanın təmin edilməsində, xalqlarımız arasında qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsində öz rolunu oynayacaq.

Mübariz ABDULLAYEV

1Sources