EN

Yunus Əmrə İnstitutunun prezidenti: Bütün fəaliyyətimizin əsas məqsədi mədəni layihələrin sayını artırmaqdır

Bakı, 9 dekabr, Günel Alıyeva, İlkin Cavanşirov, AZƏRTAC

Bu cür tədbirləri çox əhəmiyyətli hesab edirəm. Düşünürəm ki, gənclərə çata bilmək üçün rəqəmsal sənətlərdən, mədəniyyət və incəsənətin rəqəmsal platformalar üzərindən yenidən şərh edilməsindən istifadə olunmalıdır. Bu gün gənclərə çıxışın ən mühüm yollarından biri məhz bu rəqəmsal formatdır. Bu yolla onlara müraciət etdikdə, onlardan çox güclü geri dönüşlər alacağımıza inanıram.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakıda keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”də iştirak edən Yunus Əmrə İnstitutunun prezidenti Abdurrahman Aliy bildirib.

Onun sözlərinə görə, hazırda Bakıda keçirilən festival çox dəyərli və mühüm bir tədbirdir: “Azərbaycan mədəniyyət-incəsənət tədbirləri, dil qurultayları, dilçilik sahəsindəki fəaliyyəti ilə hər zaman dünyada öndə olub. Dolayısı ilə bu festival da Azərbaycana layiq bir tədbirdir. Bu gün burada olmaqdan qürur duyuruq”.

Abdurrahman Aliy qeyd edib ki, İslam dünyasında sənətlə bağlı müzakirələr hələ də davam edir: “Sənətin necə icra olunmalı olduğu, necə göstərilməli və təqdim edilməli olduğu ilə bağlı müəyyən teoloji narahatlıqlar mövcuddur. Mən hesab edirəm ki, rəqəmsal imkanlar bu narahatlıqların əhəmiyyətli bir hissəsini aradan qaldıra bilər. Bundan əlavə, İslam dünyasında sənətkarlıq ilə incəsənət arasındakı fərqin də iştirak etdiyimiz tədbirlər sayəsində bir-birinə daha da yaxınlaşacağına inanıram”.

“Mən həmişə bunu vurğulamışam ki, bu iki dövlətin – bir millətin mədəniyyət və incəsənət vasitəsilə bir-birinə daha da yaxınlaşması zəruridir. Dilimiz onsuz da birdir, buna görə də bütün fəaliyyətimizin əsas məqsədi mədəni layihələrin sayını artırmaq olacaq”, – deyə Yunus Əmrə İnstitutunun prezidenti əlavə edib.

 

 

Chosen
16
azertag.az

1Sources