Bakı, 9 dekabr, AZƏRTAC
Sudanda mərkəzi hakimiyyətə qarşı silahlı mübarizə aparan Çevik Dəstək Qüvvələri Cənubi Kordofan vilayətindəki strateji əhəmiyyətli Heqliq neftayırma zavodunu və neft yatağını ələ keçiriblər.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, neft şəhərciyində dağıntıların qarşısını almaq üçün hökumət qüvvələri və texniki işçilər təhlükəsiz zonaya geri çəkiliblər. Faktı mərkəzi hökumətdəki mənbələr təsdiqləyib.
Heqliq yatağı mərkəzi hökumətin əsas gəlir mənbələrindən hesab olunur. Burada hasil edilən neft kəmərlə Qırmızı dəniz sahilində yerləşən Port-Sudan şəhərinə daşınır. Ölkənin valyuta gəlirlərinin böyük hissəsi bu kəmərlə hasil edilən neftdən asılıdır.
Sudanda gündəlik hasilat orta hesabla 150 min barelə çatır. Silahlı toqquşmalar dəfələrlə hasilatın dayanmasına səbəb olub.