EN

Bayram süfrəsi açmaq üçün bu qədər məbləğ lazımdır – Qiymətlər əl yandırır...

Bayram süfrəsinin tərkibi hər ailənin zövqünə görə dəyişdiyi üçün dəqiq məbləğ göstərmək çətin olur. Bununla belə, ümumi hesabla bayram süfrəsi üçün nə qədər xərc çıxa biləcəyini təxmin etmək mümkündür. Bayram gününü adi günlərdən fərqləndirən əsas məqam isə süfrədə çeşidin daha bol olmasıdır.

“Yeni Sabah” bayram süfrəsinin hansı qiymətə başa gəldiyini araşdırıb:

2025-ci ildə bayram süfrəsi üçün lazım olan əsas ərzaq məhsullarının qiymətlərində ciddi artım müşahidə olunur. Ət, kərə yağı, çərəzlər, quru meyvələr, şokolad və digər ləvazimatların bahalaşması süfrənin ümumi dəyərini əvvəlki illərlə müqayisədə xeyli yüksəldib.

Ət məhsullarında qiymətlər belədir: mal əti 16–18 manat, quzu əti 18–21 manat, toyuq filesi isə 6,9–10 manat arasında dəyişir. Bayram süfrəsinin əsas tərkib hissələrindən olan kərə yağı hazırda 1 kiloqram üçün 21–24 manat civarında satılır.

Çərəz və quru meyvələrdə də bahalaşma davam edir. Qoz, badam, fıstıq və digər çərəzlər 1 kiloqram üçün 6–18 manat aralığında təklif olunur. Daha keyfiyyətli məhsullarda bu rəqəm daha da yüksəlir. Şokolad və konfet bazarında isə qiymətlər bu il rekord həddə çatıb: adi şokoladlar 8–18 manat, premium çeşidlər isə 20 manatdan yuxarı qiymətlərlə satılır. Çəki ilə konfetlər isə 1 kiloqram üçün 7–20 manat aralığındadır.

Bütün bu məhsullar nəzərə alındıqda, orta çeşidli bir bayram süfrəsinin ümumi dəyəri təxminən 70–110 manat arasında dəyişir.

Daha keyfiyyətli və geniş süfrə hazırlamaq istəyən ailələr üçün bu məbləğ 120–150 manata qədər yüksələ bilər.

Aytac Əliyeva


Telegram kanalımız
Chosen
28
4
yenisabah.az

5Sources