EN

Leyla Əliyeva Bakıda keçirilən beynəlxalq konfransda iştirak etdi

Dekabrın 8-də Heydər Əliyev Mərkəzində "İslam dünyasında süni intellekt indeksinin təqdimatı" beynəlxalq konfransının açılışı olub.

Publika.az xəbər verir ki, Heydər Əliyev Fondunun, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən konfransın məqsədi İslam dünyasında süni intellekt üzrə əməkdaşlığı gücləndirmək, həmçinin süni intellektin etik, sosial və iqtisadi təsirlərini müzakirə etməkdir.

Qeyd edək ki, süni intellektin inkişaf trendlərinin elmi əsaslarla ölçülməsi üçün hazırlanmış "İslam dünyasında süni intellekt indeksi" sənədi də məhz ilk dəfə Bakı konfransında təqdim olunur.

Konfransın açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bildirib ki, süni intellekt (AI) artıq gündəlik həyatın mühüm bir hissəsinə çevrilib. Onun sözlərinə görə, bu sahə böyük imkanlar yaratmaqla yanaşı, yeni suallar və məsuliyyətlər də ortaya çıxarır. Cəmiyyətin süni intellektin təsirini düzgün qiymətləndirməsinin, gənclərin risklərdən qorunaraq bu texnologiyanın imkanlarına yönləndirilməsinin vacibliyi xüsusi qeyd olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti diqqətə çatdırıb ki, Azərbaycan bu istiqamətdə ardıcıl addımlar atır. 2025–2028-ci illər üçün Milli Süni İntellekt Strategiyası çərçivəsində milli süni intellekt ekosisteminin qurulması, dövlət xidmətləri üçün Azərbaycan dilində AI modelinin hazırlanması, dövlət qurumları üçün standartların müəyyənləşdirilməsi və Süni İntellekt Akademiyasının yaradılması nəzərdə tutulur.

Chosen
85
publika.az

1Sources