Son günlərin ən çox danışılan olayı "Karvan-Yevlax"da yaşanır.
Klub mövsümün əvvəli baş məşqçi postuna gətirdiyi Azər Həşimovla 12-ci turdan sonra yolları ayırmağa qərar verdi.
Elə həngamə də bundan sonra qopdu. Həşimov müqaviləsi üzrə təzminat tələb edir, klub rəsmiləri isə onunla dil tapmamış boşalmayan posta Füzuli Məmmədovu gətirdi. Gərginlik hələ də davam edir.
Sportinfo.az-a müsahibə verən Azər Həşimov yaşananlara lap əvvəldən aydınlıq gətirdi.
- Lap başa gedək, "Karvan-Yevlax"a hansı şərtlər altında gəlmişdiniz?
- Mən "Karvan-Yevlax" komandasına A kateqoriyam olduğuna görə formal olarq baş məşqçi qismində getmişəm. Ancaq köməkçi məşqçi kimi təqdim olunmuşam. Bunu hamı bilsin.
- Bəs baş məşqçi funksiyasını kim icra edirdi?
- Formal baş məşqçi olmuşam. Azərbaycanda belə hallar çox olub. Lisenziyaya görə. Məşqləri biz keçmişik. Amma çox dərinə getmək istəmirəm. Bu gün yığılan 5 xal mənim üçün uğurludur. Harada məşq edirdik hamı görürdü.
- Oyunlara siz hazırlaşdırırdız. Bəs start heyətini kim təyin edirdi?
- Klubun vitse-prezidenti Kənan Kərimov baş məşqçim olub, bir yerdə oynamışıq. Yaxşı insan, yaxşı futbolçu olub. "Karvan-Yevlax"ın Region Liqasında bu yerə qədər gəlməsində böyük əməyi var. Onu deyib kluba gəlmişəm.
- Amma suala cavab vermədiniz...
- Bəli, Kənan müəllim start heyəti və digər məsələlər barədə məsləhət verirdi.
- Belə kollektiv necə idarə olunurdu?
- Mən çox qarışa bilməzdim. Köməkçi məşqçi kimi gəlmişdim. Buna razılaşıb ora getmişdim. Necə qarışa bilərdim? Mən heyəti qurmamışam. Amma rəqibləri analiz edirdim, tapşırıqlar verirdim.
- Komandanı siz hazırlaşdırırdız, Kənan Kərimov heyəti qururdu. Bəs Əvəzetmələri kim edirdi?
- Çox dərinə getmək istəmirəm.
- Konkret sual verim, "Kəpəz"lə oyunda Vüsal Mənsimovun əvəzlənməsini siz istəmişdiniz?
- Həyatda ən zəhləm gedən şey oyunçunu birinci hissədə əvəzləməkdir. Mən də oyunçu olmuşam. Sakit təbiətli biriyəm. 15-ci dəqiqədə oyunçunu əvəzləyəndə ağıllara çox şey gələ bilər. Zədə, xəsarət yoxdursa niyə 15-ci dəqiqədə oyunçunu meydandan çıxarasan? O mənim qərarım deyildi. Əgər qərarı mən versəydim və oyunçu meydançadan çıxmasaydı Azər Həşimov olaraq bir də məşqçi işləməzdim. Futbolçu da bilir ki, mən o cür qərarı verməzdim.
- Kənan Kərimovun qərarı olub?
- Allah şahiddir dəqiq bilmirəm kimin qərarı idi.
- Onda belə çıxır ki, uğursuzluqda tək günahkar siz deyilsiniz?
- Mən üzərimə düşəni artıqlaması ilə etmişəm.
- Gedişatda sizə qarşı neqativ münasibət var idi?
- Xeyr. Heç bir narahatlıq hiss etməmişəm. Sadəcə "Kəpəz"lə oyundan sonra mənə zəng olunub deyildi ki, ərizəni yaz. Mən də razılaşmadım. Belə şey olur? Onda heç kim müqavilə bağlanmasın da. Kimi nə vaxt istəsələr çıxarsınlar, kim nə vaxt istəsələr əvəzləsinlər. Onda hansı peşəkarlıqdan söhbət gedə bilər?
- Qərarı sizə kim bildirdi?
- Kənan Kərimov zəng edib dedi.
- Reaksiyanız necə oldur?
- Kənan müəllimə dedim ki, qərarınıza hörmətlə yanaşıram. Amma maya qədər müqaviləm var. Rahat gedəsi deyiləm.
- Başqa təklif edilmədi? Məsələn, 3 aylıq təzminat verə bilərdilər.
- Heç bir təklif olmayıb. Olsaydı bu həddə gəlməzdi.
- Müqavilənizdə klubun birtərəfli qaydada müqaviləni pozmaq hüququ olan bənd var?
- Mən uşaq deyiləm ki, müqavilədə bir tərəfli xitam verilə bilər yazıldığı halda mən qol çəkənəm. Bir turda sonra desinlər ki, səni istəmirəm başqası gəlsin. Mən özümü bu qədər ucuz tuta bilmərəm. Mən üzərimə düşəni artıqlaması ilə etmişəm. Mən tək özümü düşünmürəm. Müqaviləyə peşəkar qol çəkirəm və peşəkar icra olunmasını da tələb edirəm. Digər həmkarlarım üçün də yaxşı nümunə oluram. Hüquqa var, qayda-qanun var. Futboldan 5 il uzaq qalaram, amma düz bildiyimdən dönmərəm. Haqqımı sona qədər tələb edəcəm. Qoymaram kimsə məni əzsin.
- Yazılmamış qayda var - məşqçinin çemodanı yanında olur. Özünüz getmək barədə heç düşünmədiniz?
- Çemodan yanımdadır, amma niyə gedim? Özümü uğursuz saymıram. Qəbələ"yə o cür şərait yaradılıb, daha təcrübəli əcnəbi baş məşqçisi var və eyni xal yığmışdıq. Ona yenə güvəndilər, amma mənə inanmadılar. Daha yaxşı olacaqdıq. Yox getməyimi istəyirsənsə müqaviləyə hörmət etməklə bu baş tuta bilər. Pulun çoxdursa pulumu ver başqasını gətir.
- İşə niyə çıxmırdınız?
- Hansı işə?
- Klubun sizə yolladığı məktubda yazılan...
- 27-si məktub göndəriblər. Ayın 1-i mənə çatıb. Deyirlər 22-si niyə işdə olmamısan. "Kəpəz"lə oyundan sonra kollektivə istirahət verilib. Komanda 24-ü bir araya gələcəkdi. 22-si niyə işdə olmalıyam?
- Bu sualı klub rəsmilərinə ünvanlamadınız?
- İdman direktoruTural Manafova 4-5 dəfə telefon zəngi etdim cavab vermədi.
- Sonrakı günlər bazada olmusunuz?
- 23-ü bazaya gedib, əşyalarımı götürdüm.
- Bazada kimləri gördün?
- Xadiməçilərə kimi gəlib görüşdülər. Əla münasibətlərim var.
- Bəs rəhbərlik?
- Heç kəs yox idi. Sonradan idman direktoru Tural Manafov gəldi. Ona dedim məktub nə məsələdir? Dedi xəbərim yoxdur. Özünə də dedim ki, məktub gəlməsəydi, bura gələsi deyildim.
- Məşqə çıxmağı təmin etmələrini tələb etmədiniz?
- Qardaş, bura şou-biznes deyil axı. Dedilər işə gəlmir, mən də məktuba görə işə çıxıram. Demirdiz gəlmirsən? Gəlmişəm də. Daha gedib dava edəsi deyiləm ki...
- Yeni baş məşqçini gördünüz?
- Füzuli Məmmədovla görüşüb, halallıq vermişəm.
- Hələ də işə çıxırsınız?
- Məktub gələndən işə gedirəm. "Qarabağ"la oyuna da getmişdim. Sənəd gəlməsə gedəsi deyildim.
- "Qarabağ"la görüşdə kimi gördün, nə danışdız?
- Dedilər ki, sonra danışarıq. Görünmək üçün ora getmişdim.
- Hazırda vəziyyət necədir?
- Vəkilim Elcan Həsənli işə baxır. Hər şeydən o məlumatlıdır. Özüm daha yorulmuşam.
XANOĞLAN İMANOV