EN

Qurban Qurbanov: “Hər iki komanda 1 xala layiq idi” – ARENA.AZ

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 14-cü turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Keyfiyyət baxımından oyun istədiyimiz kimi olmasa da, meydanda gərgin mübarizə vardı. Futbolçular çox enerji sərf etdilər. Biz də, “Zirə” də kubok matçından sonra meydana çıxmışdıq. Rəqibin oyunu isə 120 dəqiqə davam etmişdi. Buna görə dinamikanın bir qədər aşağı olması normaldır. Amma meydanda ciddi mübarizə getdi və hər iki komanda 1 xal qazanmağa layiq idi. Futbolçular həqiqətən çox əziyyət çəkdi. Oyundan-oyuna daha çətin, daha formalaşmış və daha geniş düşüncəli “Zirə” ilə qarşılaşırıq. Rəşad Sadıqovdan hər matçda bir sürpriz gözləmək mümkündür və bunu oyunun gedişində hiss edirik. Güclü rəqibə qarşı oynadıq. Hər iki komandaya uğurlar arzulayıram”.

Qurban Qurbanov Xoni Montieli iki mövqedə oynatmasına da aydınlıq gətirib:

“O, üç müxtəlif mövqedə oynaya bilən futbolçudur. Həm dayaq yarımmüdafiəçisi, həm “10 nömrə”, həm də vinger kimi çıxış edə bilir. Həqiqətən universal oyunçudur. Rotasiyalar və oyunun gedişatı buna səbəb oldu. “Zirə” təkbətək mübarizələrdə çox yaxşı çıxış edir, müdafiədə isə cəsarətli və aktivdir. Montieldən çox razı qaldım. Hər dəfə onun haqqında pozitiv fikirlər formalaşır.

“Ayaks”la matça start heyətdə yer almaq üçün tam hazır deyil. Bəlkə də bu gün onun üçün 90 dəqiqə oynamaq çoxdur. İlyarımdır bu rejimdə nə məşq edir, nə də oynayır. İlk dəqiqələrdən olmasa da, oyunun gedişatında müəyyən dəyişikliklər edə bilər. Əvvəlki matçda 90 dəqiqə oynamışdı və üç gün sonra bərpa oldu. Özünün dediyinə görə, çox yorulmuşdu. Qarşıdakı günlərdə onun bərpasına baxacağıq və ona uyğun qərar verəcəyik. Oyundan-oyuna daha hazırlıqlı olur”.

“O da futbolçudur, emosiyalarını biruzə verə bilər”

Qurban Qurbanov Abdullah Zubirin bu oyunda əsəblərini cilovlaya bilməməsinə də münasibət bildirib:

“Məni həmişə sakit görürsünüz, ancaq mən də bəzən emosiyalarımı saxlaya bilmirəm. Bir futbolçuya qarşı daha sərt oynayırlarsa, onu izləyirlərsə, ondan da hansısa emosional hərəkət olacaq. Zubir rəqibin üzünə əl atmadı, sadəcə itələdi. Oyunçulara tapşırıq olmuşdu ki, əsəblərini cilovlasınlar. O da futbolçudur, emosiyalarını biruzə verə bilər.

Qurban Qurbanov Ramil Şeydayevin durumundan da söhbət açıb:

“Ramil istəklidir, amma bəlkə ona daha çox şans versək, idman formasını daha tez bərpa edə bilər. Hər bir futbolçu üçün oyun sayı və oyun dəqiqəsi çox vacibdir. Nə qədər məşq etsə və istəkli olsa da, matç təcrübəsi tamamilə fərqlidir. Razı qaldığım odur ki, o həm istəkli, həm də intizamlıdır. Komandada ikinci heyət də var ki, uğur üçün böyük fayda verir. Bu oyunçular nəticə əldə etmək baxımdan kömək edir, əsas heyət üzvləri üçün isə rəqabət yaradır. Şərt deyil ki, onlar bütün oyunlarda iştirak etsinlər. Hər tərəfdən futbolçulardan razıyam. Məşqlərdə 20 oyunçunun aktiv olması komandanın idman formasını qorumasına böyük töhfə verir”.

Chosen
68
4
arena.az

10Sources