Azərbaycan və Latviya arasında tibbi təhsilin modernləşdirilməsi, simulyasiya mərkəzlərində birgə təlimlər, pediatriya sahəsində elmi və klinik əməkdaşlıq imkanları müzakirə olunub.
Aznews.az xəbər verir ki, bununla bağlı danışıqlar səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Latviyaya səfəri çərçvəsində baş tutub.
Səfər çərçivəsində nümayəndə heyəti Latviyanın aparıcı tibb müəssisələri, elmi-tədqiqat mərkəzləri və ali təhsil ocaqlarının fəaliyyəti ilə də tanış olub.
Azərbaycan nümayəndə heyəti Riqa Beynəlxalq İqtisadiyyat və Biznes İdarəçiliyi Məktəbinin (RISEBA) rəhbərliyi ilə görüşüb. Riqa Şərq Universitetii Xəstəxanasının Təcili yardım və pasiyent qəbulu klinikası, eləcə də Travmatologiya və Ortopediya Xəstəxanasına da baş çəkilib. Xəstəxanaların infrastrukturu, innovativ tibbi texnologiyaların tətbiqi və travmatologiya, ortopediya, təcili yardım xidmətləri üzrə təcrübə mübadiləsi imkanları müzakirə edilib.
Həmçinin Latviyanın "Grindeks" aparıcı əczaçılıq şirkətinin fəaliyyəti ilə tanışlıq baş tutub. Farmasevtik istehsal prosesi, keyfiyyətə nəzarət, dərman təhlükəsizliyi və yeni preparatların hazırlanması sahəsində əməkdaşlıq perspektivləri qiymətləndirilib.