EN

Könüllü Təşkilatları İttifaqının sədri: Yeni könüllülük təşəbbüslərinin yaradılmasına hədəflənmişik

Bakı, 5 dekabr, Göyçək Mahmudlu, Səfiyar Məcnun, AZƏRTAC

Növbəti il ölkəmizdə keçiriləcək Dünya Şəhərsalma Forumu – WUF13 çərçivəsində Azərbaycan könüllüləri beynəlxalq tədbirin ümumi təşkilati işlərinə cəlb olunacaqlar. Bu məqsədlə qeydiyyat və müsahibə mərhələləri təşkil ediləcək, nəticə olaraq isə tələb olunan sayda könüllü seçiləcək.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev deyib.

BMT tərəfindən 2026-cı ilin “Davamlı İnkişaf Naminə Beynəlxalq Könüllülər İli” elan olunduğunu bildirən V.Əliyevin sözlərinə görə, bununla bağlı müvafiq tədbirlər həyata keçiriləcək. Belə ki, könüllülüyün genişləndirilməsi, onun beynəlxalq səviyyədə təmsilçiliyinin artırılması və beynəlxalq könüllü mübadilə proqramının icrası nəzərdə tutulur.

V.Əliyev bildirib ki, hər il könüllülər üçün yeniliklər etməyə və maraqlı layihələr həyata keçirməyə çalışırlar. Onun sözlərinə görə, mövcud yerli təcrübələr xarici ölkələrdə model kimi təqdim edilir, eyni zamanda, yeni beynəlxalq modellərin Azərbaycanda tətbiqi istiqamətində işlər aparılır.

“Azərbaycanda könüllülük modeli kifayət qədər geniş vüsət alıb və sistemli şəkildə fəaliyyət göstərir. Biz əsasən könüllü təşkilatlarının sayının artırılmasına, yeni könüllülük təşəbbüslərinin yaradılmasına fokuslanmışıq. Hazırda 32 könüllü təşkilatı mövcuddur. Növbəti illərdə bu rəqəmi 36-ya, hətta 40-a çatdırmağı planlaşdırırıq. Hansı dövlət qurumlarında könüllülük hərəkatı yoxdur, həmin qurumlarda bu sistemin qurulması istiqamətində addımlar atılır. Müraciətlər qəbul edilir, sistemin yaradılması ilə bağlı görüşlər keçirilir. Biz də prosesə lazım olan bütün dəstəyi və yardımı göstəririk”, – deyə V.Əliyev qeyd edib.

Chosen
51
azertag.az

1Sources