EN

Başqırdıstanda “xilafət” qurmaq istəyən terrorçu dəstə SAXLANILDI

Başqırdıstanda qlobal xilafəti təbliğ edən terrorçu dəstə saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb. Rusiya FTX 8 nəfərdən ibarət qrupu zərərsizləşdirib, axtarışlar zamanı qadağan olunmuş materiallar tapılıb.

Məlumata əsasən, Rusiya xüsusi xidmət orqanları Başqırdıstanda beynəlxalq terror təşkilatının özəyinin 8 üzvünü saxlayıb. Bildirilir ki, onlar ümumdünya xilafətinin yaradılması ideyasını yayıb və gizli toplantılar keçirərək sıralarına yeni tərəfdarlar cəlb etməklə məşğul olublar.

Saxlanılan şəxslərin yaşadıqları ünvanlarda aparılan axtarışlar zamanı qadağan olunmuş təbliğat materialları, rabitə vasitələri və fəaliyyətin koordinasiyası üçün istifadə edilən elektron daşıyıcılar aşkar edilərək götürülüb.

Dəstə üzvlərinə qarşı terror təşkilatının yaradılması və onun fəaliyyətində iştirak maddələri ilə cinayət işi açılıb.

Xuraman Etibarlı

İnterpress.az


Chosen
79
interpress.az

1Sources