EN

QHT sədrindən Beynəlxalq Könüllülər Günü ilə bağlı AÇIQLAMA

5 Dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə “Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” İctimai Birliyinin sədri Əli Mustafayev QHT.az-a açıqlamasında ölkəmizdə könüllülük hərəkatının hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri ilə bağlı mövqeyini bildirib.

Əli Mustafayev qeyd edib ki, son illərdə Azərbaycanda könüllülük fəaliyyəti sürətlə genişlənir və artıq təsadüfi təşəbbüslər mərhələsini keçərək institusional səviyyədə formalaşmağa başlayıb:

"Dövlət qurumları tərəfindən könüllülük layihələrinin dəstəklənməsi, irimiqyaslı sosial proqramlara könüllülərin cəlb olunması və gənclər arasında könüllülük mədəniyyətinin təşviqi bu sahənin inkişafında mühüm addımlar hesab oluna bilər. Bununla belə, hesab edirik ki, könüllülüyün davamlı və dayanıqlı inkişaf modeli kimi formalaşması üçün regionlarda fəaliyyəti gücləndirmək, icma əsaslı könüllü qruplar yaratmaq və uzunmüddətli proqramlara üstünlük vermək vacibdir. Bu prosesdə qeyri-hökumət təşkilatlarının rolu əvəzsizdir. QHT-lər birbaşa cəmiyyətin ehtiyac nöqtələrində fəaliyyət göstərən əsas struktur olaraq, könüllüləri sosial dəyişikliklərin mərkəzinə gətirir. Xüsusilə ailə və uşaqlarla bağlı sosial məsələlərdə könüllülər problemin mahiyyətini sahədə görür və həll yollarında aktiv iştirak edirlər".

Əli Mustafayev vurğulayıb ki, Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək İctimai Birliyi olaraq, hesab edirik ki, könüllülər:

  • sosial həssas ailələrlə işdə,
  • risk qrupuna daxil olan uşaqlarla layihələrdə,
  • maarifləndirmə tədbirlərində,
  • reabilitasiya və psixososial dəstək proqramlarında mühüm rol oynayır.


Biz könüllülüyü yalnız yardım mexanizmi deyil, həm də sağlam və məsuliyyətli cəmiyyətin formalaşmasının təməl sütunu kimi qiymətləndiririk. Sonda bir daha bütün könüllüləri Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edir, onların fədakar əməyinə və vətəndaş məsuliyyətinə görə təşəkkürümüzü bildiririk".

Chosen
78
qht.az

1Sources