EN

Gəncədə ahıllar tibbi müayinədən keçirilmişlər  

Gəncədə fəaliyyət göstərən “Ahıllar üçün günərzi qayğı mərkəzi”ndə tibbi müayinə aksiyası keçirilmişdir. “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin müxtəlif ixtisaslı həkimləri tərəfindən ahıl vətəndaşlar müayinə edilmiş, onlara zəruri tibbi xidmətlər göstərilmişdir.

Aksiyadan ümumilikdə 30-a yaxın şəxs yararlanmışdır. İcbari Tibbi Sığortanın xidmətlər zərfi çərçivəsində baş tutan tədbirin məqsədi yaşlı nəslin nümayəndələrinin ümumi sağlamlıq vəziyyətinin yoxlanılması, qiymətləndirilməsi, mümkün fəsadların vaxtında aşkarlanması və tibbi xidmətə əlçatanlığın təmin edilməsi olmuşdur.

Məlumat üçün bildirək ki, Gəncə şəhərində “Ahıllar üçün günərzi qayğı mərkəzi” Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli sərəncamının icrası çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət sifarişləri əsasında yaradılmışdır.

Sabir ƏLİYEV,

“Azərbaycan”

1Sources