EN

Yüksək miqdarda proteinlə qidalanmaq sağlamlığı riskə atır- AÇIQLAMA

Uzun müddət yüksək proteinli qidalanma orqanizmə həm böyrəklər, həm də digər həyati vacib sistemlər baxımından ciddi təsirlər göstərə bilər. Protein parçalanarkən böyrəklər üzərinə daha çox filtrasiya yükü düşür və bu vəziyyət davamlı olduqda funksional zəifləmə, şlakların toplanması və gizli iltihabın artması kimi fəsadlar yarana bilər. Xüsusilə böyrək funksiyası zəif olanlar, diabet, hipertoniya və piylənmə xəstələri, yaşı 55-dən yuxarı olan insanlar, eləcə də idman məqsədilə yüksək protein tozu qəbul edənlər daha yüksək risk altındadır. Bu səbəbdən, uzunmüddətli yüksək protein qəbulu sağlam insanlar üçün də potensial təhlükə daşıyır.

Bu sözləri həkim-terapevt Pənah Pənahov Missiya.Az-a açıqlamasında deyib.

"Protein qəbulu normadan çox olduqda yalnız böyrəklər deyil, qaraciyər və ürək-damar sistemi də əlavə yük altında qalır. Qaraciyərin detoksifikasiya yükü artır, ferment səviyyələri yüksələ və yağlanma ehtimalı arta bilər. Heyvani mənşəli zülalın çoxluğu LDL-xolesterinin artmasına, damar divarlarında yağ yığılmasının sürətlənməsinə, nəticədə isə infarkt və insult riskinin yüksəlməsinə gətirib çıxara bilər. Bu, həm metabolik, həm də damar sağlamlığı üçün əlavə yorucu təsir yaradır",-deyə o vurğulayıb.

Həkimin sözlərinə görə, protein tozları və əlavələrinin nəzarətsiz və yüksək dozada istifadəsi hormonal tarazlığı da poza bilər. Bu zaman insulinə həssaslığın azalması, kortizol səviyyəsinin dəyişməsi və ümumi metabolik disbalans kimi hallar müşahidə oluna bilər. Buna görə də gündəlik protein ehtiyacını düzgün hesablamaq, əlavələrdən yalnız zəruri hallarda və mütəxəssis məsləhəti ilə istifadə etmək, həmçinin qaraciyər, böyrək və hormonal göstəriciləri mütəmadi olaraq yoxlatdırmaq çox vacibdir. Təbii protein mənbələrini üstün tutmaq isə daha sağlam yanaşmadır.

"Nəticə olaraq, zülal da daxil olmaqla bütün qidaları ölçülü şəkildə qəbul etmək ən doğru yoldur. Normadan artıq protein həm böyrəklərə, həm qaraciyərə, həm də ürək-damar sisteminə artıq yük yaradır. Buna görə pəhriz seçərkən balansı qorumaq, bədənə qulaq asmaq və həkim məsləhəti ilə hərəkət etmək sağlamlığın qorunmasında əsas rol oynayır. Sağlam qidalanmanın təməli isə düzgün, davamlı və sadə seçimlər etməkdən ibarətdir",- Pənah Pənahov qeyd edib.

İlahə Qənbərli

Missiya.Az

Chosen
70
missiya.az

1Sources