EN

Elektrikli maşına su dağıldı, sahibi 20 min manat xərcə düşdü - Sığorta imtina edib - FOTO

ABŞ-ın Florida ştatında elektrikli avtomobildə aşılan kiçik bir su şüşəsi sahibinə böyük maddi ziyan vurub. Avtomobilin salonunda tökülən su elektrik naqillərinə sızaraq ciddi nasazlıqlara səbəb olub və nəticədə demək olar ki, bütün kabel sistemi yenilənib.

Day.Az xəbər verir ki, təmir xərci isə nə istehsalçı şirkət, nə də sığorta şirkəti tərəfindən ödənilib.

Su şüşəsinin aşmasına səbəb isə avtomobil sahibi Maykl MakKormikin qəfil əyləci basması olub. Arxa oturacaqda olan su şüşəsi yerə düşərək açılıb və su oturacağın döşəməsinə tökülüb. Avtomobil sahibi bunu adi bir hadisə kimi qarşılayıb. Amma qısa müddət sonra məlum olub ki, artıq maşının idarəetmə bloku zədələnib.

Elektrik mühərriki dayanıb, siqnallar işləməyib

MakKormik bildirib ki, su töküldükdən bir neçə dəqiqə sonra göstərici panelində xəbərdarlıq işıqları yanmağa başlayıb. Daha sonra siqnallar işləməyib və elektrik mühərriki dayanıb. Buna baxmayaraq, avtomobili çətinliklə də olsa evinə qədər sürə bilib.

Avtomobil rəsmi servisdə yoxlanıldıqdan sonra məlum olub ki, kabel xəttinin böyük hissəsi tamamilə dəyişdirilməlidir. Təmir dəyəri 20 300 manat olaraq hesablanıb.

İstehsalçı şirkət zədənin "xarici təsir nəticəsində" yarandığını əsas gətirərək bu məbləği zəmanətə daxil etməyib.

Sahibinin müraciətinə baxmayaraq, sığorta şirkəti xərci ödəməkdən imtina edib. Qurum iddia edib ki, naqillərdəki korlanma birdəfəlik hadisə deyil, uzun müddət ərzində suyun sızması ilə tədricən yaranıb və bu səbəbdən ödəniş edilməyəcək.

Elxan Əliyev
Day.Az

Chosen
36
day.az

1Sources