EN

Telefon danışığının sızması qlobal siyasi tapmacaya çevrilib

WSJ: ABŞ–Rusiya təmasının mətbuata çıxması beynəlxalq miqyasda “kim və niyə?” suallarını alovlandırıb...

ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff ilə yüksəkvəzifəli rus rəsmisi arasında baş tutmuş telefon danışığının sızdırılması dünyanın müxtəlif paytaxtlarında kəşfiyyat orqanlarından tutmuş analitiklərə qədər hər kəsi “günahkar kimdir və məqsəd nə idi?” sualı ətrafında birləşdirib.

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal nəşri yazıb.

Nəşr qeyd efir ki, ilkin versiyalardan biri Avropa kəşfiyyatının izinə aparırdı. Bir çox Avropa paytaxtlarının Rusiyanın xeyrinə hesab etdiyi yeni sülh planını pozmaq üçün kiminsə məlumatı sızdırdığı ehtimalı irəli sürüldü. Rus rəsmiləri dərhal bu tezisi gündəmə gətirdi. Digər fərziyyə isə Moskvanın özünə işarə edir: Avropa rəsmilərindən bəziləri düşünür ki, bu, ya Rusiya hökumətinin içindəki hansısa qrupun, ya da müharibədən qazanan oliqarx dairələrinin maraqlarına uyğun ola bilər. Onlardan biri bildirib ki, Kreml daxilində Kirill Dmitriyev kimi fiqurların vasitəçilik rolu da daxili qarşıdurmalar yaradır və sızma bu rəqabətin nəticəsi ola bilər.

Bəzi müşahidəçilər isə Vaşinqtonun özünə diqqət çəkir. ABŞ administrasiyasında Ukraynaya təzyiq göstərilməsi və Rusiyaya sərfəli bir razılaşmanın qəbul etdirilməsi ehtimalından narahat olan kənar elementlərin də bu işin arxasında ola biləcəyi iddia olunur.

Rusiyaya dair araşdırmalar aparan britaniyalı ekspert Emili Ferris WSJ-yə deyib ki, son günlər diplomatik mühit son dərəcə qarışıqdır və sızma bu xaosu daha da dərinləşdirərək bütün tərəflərdən gələn məlumatlara etimadı azaldır.

“Son həftələr çox mürəkkəb keçib. Bu hadisə isə artıq mövcud olan çaşqınlığı çoxaldır”, deyə Ferris qeyd edib.

Tramp administrasiyasından yüksəkvəzifəli rəsmilərdən biri qəzetə bildirib ki, onların qiymətləndirməsinə görə, danışığın sızdırılması xarici kəşfiyyatın əməliyyatıdır və hədəf Uitkoff yox, onun söhbət etdiyi Kremlin yüksək rütbəli rəsmisi Yuri Uşakov olub. Eyni mənbə onu da əlavə edib ki, Uşakovun bir başqa Kremlin emissarı, Rusiya Yatırım Fondu rəhbəri Kirill Dmitriyev ilə telefon danışığının da qeydə alındığı məlumdur.

Avropa təhlükəsizlik qurumlarından bir rəsmiyə görə, dünyada onlarla dövlət Uşakovun açıq mobil xəttindən istifadə etdiyi üçün bu tip zəngləri dinləyə biləcək texniki imkanlara malikdir. Onun şəxsi ehtimalı Avropanın hansısa ölkəsidir, lakin “dəqiq kim?” sualına cavab yoxdur. Bununla belə, o da Rusiyanın daxili çəkişmələr səbəbilə bu prosesdən kənarda qalmadığını deyir.

Ukrayna Prezident Administrasiyasının müşaviri Mixayıl Podolyak isə Uitkoffu müdafiə edərək bildirib ki, Kiyev onun Kremlin maraqlarına işlədiyinə dair hər hansı ehtimalı qəbul etmir.

WSJ xatırladır ki, bu, diplomatiya və Ukrayna ilə bağlı ilk böyük sızma deyil. 2014-cü ildə ABŞ rəsmilərinin Kiyevdə yeni hökumətin kim tərəfindən formalaşdırılmalı olduğunu müzakirə etdikləri telefon danışığının yayılması geniş rezonans doğurmuşdu. Həmin sızma ABŞAvropa münasibətlərində gərginliyi üzə çıxarmış və o vaxtkı yüksəkvəzifəli diplomat Viktoriya Nulandın Avropa İttifaqına dair sərt ifadələri müzakirələrin mərkəzinə çevrilmişdi.

İndi isə vəziyyət tərsinə dönüb: Ferrisin sözlərinə görə, Avropa Rusiyanın yenidən silahlandığını görür və hər hansı atəşkəsin Moskvaya vaxt qazandıraraq Ukraynaya və NATO sərhədlərinə yenidən təzyiq imkanı yarada biləcəyindən ciddi narahatdır. ABŞ isə daha qısamüddətli düşünür: atəşkəsə nail olmaq, Ukraynanı ayaqda saxlamaq və ən azı bir neçə il “soyuq sülh” şəraitini qorumaq.

Analitiklərin fikrincə, sızmanın kim tərəfindən edilməsi barədə cavab tapılmasa belə, onun doğurduğu xaos Rusiyanın maraqlarına xidmət edir. Ferris vurğulayıb ki, Moskva bu vəziyyətdə “heç nə etmədən çox şey əldə edir”, çünki qeyri-müəyyənlik və qarışıqlıq onun əlini gücləndirir.

Rusiya Xarici İşlər Nazirliyinin yüksəkvəzifəli rəsmisi Sergey Ryabkov isə WSJ-yə deyib ki, bu nəhəng hay-küyə rəğmən, Rusiyanın “xüsusi hərbi əməliyyat” çərçivəsində hədəfləri dəyişməyib və əvvəlki kimi qalır.

Poliqon.info

Chosen
49
poliqon.info

1Sources