“Cənab Prezidentin dəstəyi ilə qurulan Aqrar Sığorta Fonduna təşəkkür edirəm. Aqrar sığorta bütün dünyada kənd təsərrüfatı inkişaf etmiş ölkələrdə olmazsa-olmaz dəstək mexanizmidir”.Metbuat.az-ın məlumatına görə, bu sözləri Aqrar Sığorta Fondunun Xaçmaz rayonunun Nabran qəsəbəsinə təşkil etdiyi mediaturda kənd təsərrüfatı eksperti Ahmet Turgut deyib. Ekspert Azərbaycanda aqrar sığortaya dövlət təşviqinin göstərilməsini fermerlər üçün çox böyük üstünlük hesab etdiyini bildirib:“Bizim müxtəlif rayonlarda fərqli bağlarımız var və hamısı sığortalanıb. Lakin Xaçmazda yerləşən nektarin bağımızda şaxta hadisəsi baş verdi. Digər bağlarda heç bir problem yaşanmadı. Təbiət hadisəsi nə zaman, hansı formada baş verəcək bilinmir, buna görə də riskləri nəzərə alaraq bütün təsərrüfatlarımızı sığortalayırıq. Fermerlərə də tövsiyəm budur ki, Aqrar Sığorta Fondunu diqqətlə araşdırsınlar, nümayəndəliklərlə əlaqə saxlayıb ətraflı məlumat alsınlar. Çünki bu məsələ həm ölkənin iqtisadi inkişafı, həm də qida təhlükəsizliyi üçün çox önəmlidir”.Ahmet Turgut Aqrar Sığorta Fondunun operativliyini yüksək qiymətləndirib:“Hadisəyə gəldikdə isə, şaxta Mart ayında baş verib. Bağlarımızda öz meteoroloji stansiyalarımız var və bütün dəyişiklikləri dəqiqəlik izləyirik. Həmin gün heç bir şaxta proqnozu olmasa da, tomurcuqdan meyvə görünənə qədər hər zaman təhlükə vəziyyətində oluruq. O gün saat 11-də temperaturun mənfi 0.5-ə düşdüyünü gördük və dərhal tüt-su aparatlarını işə salmaq qərarı verdik, bağa su verdik. Bütün tədbirlərə baxmayaraq, xüsusən erkənçi sortlarda şaxta zərəri yarandı. Aqrar Sığorta Fondu isə hadisədən dərhal sonra əraziyə gəldi, baxış keçirdi, sənədləşmə aparıldı və proses izlənilərək sonda sığorta ödənişi təmin olundu. Bu dəstəyə görə bir daha təşəkkür edirəm və bütün fermerləri bağlarını mütləq şəkildə sığortalamağa çağırıram”.Sevinc İbrahimzadə / Metbuat.az