EN

Döyüş meydanında tarix yazan şəhid Mustafa Kərimovun bu gün doğum günüdür

Hər bir şəhidimiz haqqında ətraflı məlumat toplamağa çalışırıq. Onların ömür yolu qısa olsa da, göstərdikləri qəhrəmanlıq, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında fədakarlıqları əvəzsizdir. Bu cəsur insanlar torpağı Vətənə çevirdilər. Hər bir şəhid qəhrəmandır. Onları geniş auditoriya, indiki və gələcək nəsil tanımalıdır, onlarla qürur duymalıdır.   Şəhid Mustafa Kərimovun atası Mais Kərimov qəhrəman övladı haqqında belə deyir: “Mustafa 1995-ci il noybrın 25-də anadan olub. Mərdəkan qəsəbəsində  181 sayı orta məktəbi bitirib. Çox fəal şagird olub. Oğlum sonra Türkiyədə təhsil alıb. Azərbaycana qayıdan kimi hərbi xidmətə yollanıb.  Hərbi xidməti başa vurmağa sayılı günlər qalmış müharibə başladı. Mustafa könüllü olaraq cəbhəyə yollandı. Onun müharibəyə qatılmasından xəbərim olmayıb. Sonradan eşitdim ki, Mustafa  Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. Daha sonra Füzuli, Cəbrayıl rayonlarında döyüşüb. Tərtər rayonuna gələn zaman yolda düşmən tərəfindən açılan atəşlə maşınları partlayıb və oğlum şəhid olub. Biz bu xəbəri oktyabrın 7-də eşitdik”.. Bu yerdə  söhbətə qoşulan şəhidin anası Əminə Qədirova deyir ki, oğlu ilə son dəfə oktyabrın 6-da telefonla danışıb: “Bir saat mənimlə danışdı. “Ana, sən bacıma və mənə görə çox əziyyət çəkmisən, ona deyərsən xoşbəxt olsun”, –  dedi. Özümü pis hiss etdim: “Mustafa, anan qurban, niyə belə danışırsan?”, – soruşdum. “Özün gələrsən, sözünü də bacına özün deyərsən”. O da cavabında dedi ki, həyatda hər şey ola bilər, atasını mənə tapşırdı. Bacısının toyunu görmək Mustafanın arzusu idi. Amma bu ona qismət olmadı”.    Şəhidimizin bacısı Şəbnəm Kərimova Mustafanın uşaqlıq illərini belə xatırlayır: “Mustafa məndən bir yaş kiçik olub. Amma onun dəstəyini, qayğısını hər zaman hiss etmişəm. Mən də Mərdəkanda 181 saylı orta məktəbdə oxuyurdum. Mustafa məndən balaca olsa da, hər gün gəlib dərslərimlə maraqlanırdı. Məni müəllimə tapşırırdı. Biz bir yerdə məktəbə gedib-gəlirdik. O, uşaqlıqdan ciddi xarakterli insan olub. Çox nadir hallarda sevdiyi qızla bağlı fikirlərini mənimlə bölüşərdi. Bundan başqa Mustafa kənarda baş verənlər haqqında mənimlə heç vaxt danışmazdı. Müharibə dövründə onun valideynlərimlə və mənimlə sonuncu danışığını xatırlayıram. O, sanki vidalaşırdı. Mənimlə danışandan sonra yenidən anamla danışdı, son sözündə dedi: “Şəbnəmin toyunu edəndə, onu köçürəndə nə lazımdır alın. Heç bir çatışmazlıq olmasın”. Bu telefon zəngi Mustafa ilə son danışığımız oldu”.     Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Mustafa Kərimov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Xatırladırıq ki, şəhidimizin atası Mais Kərimov Azərbaycan Ordusunun zabiti kimi Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Vətənpərvər bir mühitdə böyüyən Mustafa Kərimov  hər zaman Qarabağın işğaldan azad olunmasında iştirakını qürur mənbəyi hesab edib. Nəhayət o, belə müqəddəs yolda şəhidlik zirvəsinə ucalır.

 

Mənbə: Əkrəm Bəydəmirlinin “Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir” kitabı

Chosen
39
qht.az

1Sources