EN

Psixoloq: Uşaqlarda mobil telefon asılılığı təhlükəli həddə çatır

Bakı, 26 noyabr, Pərvanə Qafarova, AZƏRTAC

Azərbaycanda 3–12 yaş arası uşaqlar arasında mobil telefon və onlayn oyun asılılığı geniş yayılıb və bu tendensiya həm fiziki, həm də psixoloji sağlamlıq üçün ciddi risklər yaradır.

Bu barədə AZƏRTAC-a açıqlamasında “Soullightcenter”in təsisçisi və psixoloq Zümrüd Nəcməddin qızı məlumat verib.

Psixoloqun sözlərinə görə, son illər qəbulunagələn uşaqların böyük hissəsində aqressiya, davranış pozuntuları, diqqət çatışmazlığı, hiperaktivlik, qavrama zəifliyi kimi problemlər müşahidə olunur. Araşdırmalar göstərir ki, bu hallar əsasən uşaqların gün ərzində uzun müddət – bəzən 2–3 saatdan 8 saata qədər mobil telefonlardan istifadə etməsi və müxtəlif onlayn oyunlara aludə olması ilə bağlıdır.

O bildirib ki, xüsusilə silah, döyüş və ölüm səhnələri üzərində qurulmuş oyunlar uşaqlarda aqressiyanı artırır, onları real həyatdan uzaqlaşdırır: “Bu cür oyunlara bağlanan uşaqların artıq öz virtual dünyası formalaşır. Real ünsiyyəti bacarmayan uşaqlar oyun zamanı bir-birləri ilə danışır, özlərini qəhrəman kimi görür və bu, onların davranışında ciddi dəyişikliklər yaradır”.

Mütəxəssis vurğulayıb ki, həddindən artıq telefon istifadəsi təkcə psixoloji deyil, fiziki problemlərə də yol açır. Uşaqlarda onurğa əyrilikləri, boyun və kürək ağrıları, görmə zəifliyi, iştahsızlıq və yuxu pozuntuları daha çox müşahidə olunmağa başlayıb. O bildirib ki, bəzən 5–7 yaşlı uşaqlarda gecə qorxuları və yuxudan qışqıraraq oyanma halları – psixologiyada “gecə terroru” adlandırılan vəziyyət – məhz uzunmüddətli ekran təsirinin nəticəsidir.

Psixoloq qeyd edib ki, bir çox valideynlər körpəlikdən telefon və planşetləri uşaqlara verərək bununla fəxr edirlər. Lakin bu, əslində, uşağın dil inkişafını, ünsiyyət bacarığını və sosial adaptasiyasını zəiflədir. “Valideynlər əvvəlcə sakitlik əldə etdiklərini düşünürlər, lakin sonradan 3 yaşa çatan uşağın cümlə qura bilməməsi və diqqətinin zəif olması ilə üzləşirlər”, – deyə psixoloq əlavə edib.

Onun fikrincə, telefon asılılığının əsas səbəblərindən biri valideynlə uşaq arasındakı emosional bağın zəif olmasıdır. Uşaqlar çox vaxt nənə-baba və ya baxıcının yanında qalır, valideynlər isə iş başında olduqları üçün onların psixoloji ehtiyaclarını yetərincə qarşılamırlar.

Mütəxəssis valideynlərə uşaqlarla daha çox səmərəli vaxt keçirməyi, söhbət etməyi, oyun oynamağı, eləcə də günlük rejim və qaydalar cədvəli yaradıb uşağın görə biləcəyi yerdə saxlamağı tövsiyə edir: “Telefon və planşetdən istifadə müddətini ciddi şəkildə məhdudlaşdırmaq məktəbəqədər yaşda maksimum yarım saat olmalıdır. “Valideyn saatları” müəyyən edin – ata-oğul, ana-qız vaxtı, birgə idman, oyun və ya gəzinti gündəlik həyat rejiminə daxil edilməlidir”.

O, uşağın izlədiyi cizgi filmlərinin və oynadığı oyunların məzmununa nəzarət etməyi də vurğulayır: “Valideynlərin özləri də telefon istifadə vərdişlərinə diqqət etməlidirlər. Uşaq gördüyünü təkrarlayır”.

Psixoloq əlavə edib ki, dünya təcrübəsinə görə, 2 yaşına qədər uşaqlar nə telefona, nə də televizora yaxın buraxılımır. Daha sonrakı yaşlarda isə ekran vaxtı minimum səviyyədə saxlanmalı, uşaqla emosional əlaqə gücləndirilməlidir.

Sonda Zümrüd Nəcməddin qızı bildirib ki, uşaqlar valideynlərin güzgüsüdür və onların sağlam inkişafı üçün ilk addımı böyüklər atmalıdır.

Chosen
77
azertag.az

1Sources