EN

Həkim, keçmiş hərbçi - Onlar ilk dəfə deyil Bakıda SSRİ bayrağı qaldırırlar

Bakıda bir qrup şəxs Oktyabr inqlabının 108-ci ildönümünü qeyd edib. Onlar aksiyada SSRİ və Azərbaycan SSR-nin bayraqlarını qaldırıblar, kommunist ideologiyasının təbliğatını aparıblar. Amma aksiyada Azərbaycan bayrağı olmayıb.

Daxili İşlər Nazirliyinin apardığı operativ tədbirlər nəticəsində təşkilatçılar Abdulla İbrahimli və İbrahim Əsədli də daxil olmaqla bir neçə nəfər saxlanılıb. Onların barəsində cinayət işi başlanaraq istintaq prosesinə cəlb edilib. İlkin araşdırmalara görə, həmin şəxslərin başqa bir dövlətdən maliyyə dəstəyi alaraq ofis icarəyə götürüb qrup halında fəaliyyət göstərdiyi müəyyən olunub. Hazırda istintaq tədbirləri davam edir və hadisənin təfərrüatları araşdırılır.

“Yeni Sabah” xəbər verir ki, təşkilatçı şəxslərdən biri olan Abdulla İbrahimli sosial şəbəkələrin aktiv istifadəçisidir. 

O, “Abdulla İsmayıloğlu” imzası ilə müxtəlif mətbuat orqanlarında yazılar dərc etdirib, həmçinin bir müddət idman saytlarında müxbir kimi fəaliyyət göstərib.

Abdulla İbrahimli keçmiş hərbçidir. O, bir müddət Azərbaycan Ordusunun sıralarında xidmət edib. Əslən Qazaxlıdır.

O, daha çox sovet ideologiyasını dəstəkləyən paylaşımları ilə diqqət çəkib.  “Коммунистическая Партия Азербайджана - Azərbaycan Kommunist Partiyası” adlı Facebook qrupunda mütəmadi olaraq çoxsaylı paylaşımlar edib. “TikTok” platformasının da fəal istifadəçisi olsa da, hazırda onun hesabının bağlandığı görünür.

SSRİ bayrağı qaldıraraq yürüş təşkil etməyə cəhd göstərməkdə təqsirləndirilən İbrahim Əsədli haqqında müəyyən faktlar üzə çıxıb. O, Moskva Dövlət Universitetində (МГУ имени М.В. Ломоносова) təhsil alıb. Əvvəllər Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyət göstərib.

1974-cü il təvəllüdlü İbrahim Əsədli hazırda Valeologiya və İnteqrativ Təbabət Mərkəzinin rəhbəridir. Eyni zamanda, o, onkopsixoloq, naturopat və ftiziatr doktor kimi təqdim olunur.

İbrahim Əsədlinin sosial şəbəkələrdə paylaşdığı fotolardan məlum olur ki, onlar bu cür tədbirləri 2018-ci ildən etibarən mütəmadi təşkil ediblər. Şəkillərdə bir qrup şəxsin Bakıda sovet simvolları – qırmızı bayraqlar və ideoloji atributlarla çıxış etdikləri müşahidə olunur.

Həmçinin təqdim edilən fotolardan görünür ki, müəyyən tədbirlərin, o cümlədən ad günlərinin qeyd edilməsində kommunistlərin lideri Vladimir Leninin təsviri olan tortlardan da istifadə olunub. İdeoloji simvolların açıq şəkildə nümayiş etdirilməsi onların sosial media fəaliyyətində xüsusi yer tutur.


Telegram kanalımız
Chosen
44
2
yenisabah.az

3Sources