Bakı, 26 noyabr, Tamilla Məmmədova, AZƏRTAC
Azərbaycan maliyyə sektoru aktiv rəqəmsal transformasiya mərhələsindədir və ölkə müasir fintex-həllərin tətbiqi baxımından yüksək potensial nümayiş etdirir. Nağdsız ödənişlərin artması, rəqəmsal bankçılığın inkişafı və dövlət dəstəyi maliyyə əlçatanlığının yüksəldilməsinə, innovativ texnologiyaların tətbiqinə əlverişli mühit yaradır.
AZƏRTAC-ın suallarını beynəlxalq bazarlarda fintex, rəqəmsal ödənişlər və innovativ maliyyə həlləri üzrə ekspert, elektron pul və ödəniş xidmətləri sahəsində ixtisaslaşan Türkiyənin “SiPay Elektronik Para ve Ödeme Hizmetleri A.Ş.” fintex şirkətinin təsisçisi və qlobal baş direktoru Nezih Sipahioğlu cavablandırır.
– “SiPay”in vizionu və missiyası, eləcə də şirkətin qlobal fintex bazarında mövqeyi barədə fikirlərinizi bölüşə bilərsinizmi?
– “SiPay” sadə bir məqsədlə yaradılıb – maliyyə xidmətlərini hər kəs üçün daha sürətli, daha ağıllı və daha əlçatan etmək. Bizim missiyamız insanların və şirkətlərin bütün maliyyə ehtiyaclarını bir məkanda idarə edə biləcəyi qlobal maliyyə platformasına çevrilməkdir. Biz Türkiyədə başladıq və eyni ambisiya ilə, yəni insanları, biznesi və texnologiyanı fasiləsiz maliyyə həlləri vasitəsilə birləşdirmək məqsədilə hazırda dünyanın müxtəlif ölkələrinə genişlənirik.
– “SiPay” kimi fintex-həllərin, xüsusən maliyyə ekosisteminin dəstəklənməsi baxımından Azərbaycanın potensialını necə qiymətləndirirsiniz?
– Azərbaycan rəqəmsal transformasiya üçün böyük potensiala malikdir və fintex maliyyə əlçatanlığının artırılmasında əsas rol oynaya bilər. “SiPay” kimi həllər daha çox insana və kiçik biznesə müasir ödəniş alətlərinə, rəqəmsal cüzdanlara və onlayn maliyyə xidmətlərinə çıxış imkanı yarada bilər. Biz hesab edirik ki, texnologiyalar maliyyəni sadələşdirməlidir, çətinləşdirməməlidir. Biz Azərbaycanın daha inklüziv və nağdsız iqtisadiyyat qurmaq hədəfini dəstəkləmək istəyirik.
– Azərbaycan kimi inkişaf edən bazarlarda fintex innovasiyaları üçün hansı unikal imkanları və çağırışları görürsünüz?
– Azərbaycan kimi inkişaf etməkdə olan bazarlar inanılmaz enerji və innovasiyaya açıq mühitə malikdir. Əsas imkanları gənc, texnoloji biliklərə sahib əhali və rəqəmsal transformasiyanı dəstəkləyən dövlətdir. Adətən çətinlik infrastruktur və etimadla bağlı olur, lakin düzgün tərəfdaşlıqlar və maarifləndirmə işləri aparıldıqda fintexin tətbiqi çox sürətlə artır. Biz bunu Türkiyədə gördük və eyni prosesin burada da baş verəcəyinə əminik.
– Azərbaycanın nağdsız ödənişlərə və rəqəmsal bankçılığa keçidini nəzərə alaraq “SiPay”in hansı texnologiya və xidmətləri yerli istehlakçı, biznes üçün daha faydalı ola bilər?
– Bizim əsas həllərimizə rəqəmsal cüzdanlar, onlayn və oflayn ödənişlər, açıq bankçılıq alətləri, eləcə də kiçik və orta biznes üçün maliyyə imkanları daxildir. Azərbaycan üçün xüsusilə dəyərli hesab etdiyimiz “Xidmət kimi cüzdan” (Wallet-as-a-Service) modelimizdir ki, bu model də yerli banklara, telekommunikasiya şirkətlərinə və ya e-ticarət platformalarına öz rəqəmsal cüzdan sistemlərini sürətli və təhlükəsiz şəkildə istifadəyə verməyə imkan yaradır. İstehlakçılar üçün bu daha çox rahatlıq, biznes üçün isə daha sürətli ödənişlər və təkmilləşdirilmiş məlumat deməkdir.
– Yeni bazarlarda, o cümlədən Azərbaycanda fintex xidmətlərinin genişləndirilməsi zamanı yerli tənzimləyicilər və maliyyə institutları ilə əməkdaşlıq nə dərəcədə vacibdir?
– Əməkdaşlıq son dərəcə vacibdir. Biz hər zaman mərkəzi banklarla və yerli tənzimləyicilərlə sıx işləyirik ki, tələblərə tam uyğunluğu təmin edək və etimadı gücləndirək. Hər bir bazarda, o cümlədən Azərbaycanda ilk addımımız diqqətli təhlil, öyrənmək və yerli maliyyə ekosistemini gücləndirən tərəfdaşlıqlar qurmaqdır. Biz inanırıq ki, tənzimləmə və innovasiya bir-birini tamamlayan proseslər ola bilər.
– Yaxın gələcəkdə “SiPay” ilə Azərbaycan maliyyə təşkilatları arasında hər hansı tərəfdaşlıq və ya layihələr gözlənilirmi?
– Bəli, biz artıq bir neçə Azərbaycan maliyyə qurumu və fintex tərəfdaşı ilə uğurlu danışıqlar aparırıq, həmçinin birləşmək və alqı-satqı imkanlarını da nəzərdən keçiririk. Məqsədimiz qlobal təcrübəmizi nümayiş etdirmək və onu yerli tələblərə uyğunlaşdırmaqdır. Biz Azərbaycanı strateji bazar və regional fintex infrastrukturunun qurulmasında uzunmüddətli tərəfdaş kimi görürük.