
Məhəmməd Nooyevi hamı məhz bu cür tanıyır
Azərbaycanın dəyərli oğlu, Vətəninə, xalqına, dövlətinə xidməti həyat amalına çevirmiş Məhəmməd Nooyev haqqında əvvəllər də yazmışıq. Bu gün onun üçün əlamətdar gündür. Azərbaycan-Avar İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının Səbail rayon Ərazi ilk partiya təşkilatının sədri, Şimal-Qərb bölgəsinin sayılıb-seçilən şəxslərindən biri - Məhəmməd Nooyevin doğum günüdür.
Balakən rayonunun Qabaqçöl qəsəbəsində anadan olan Məhəmməd Nooyev iki ali təhsil alıb, uzun illər doğma rayonunda müxtəlif sahələrə rəhbərlik edib. Daha sonra “Azərittifaq”ın Mərkəzi Aparatında, Taxıl Məhsulları Dövlət Şirkətində rəhbər vəzifələrdə çalışıb. Hazırda da məsul vəzifə tutur.
Məhəmməd müəllimi yaxından tanımayanların nəzərinə, sadəcə, bir faktı çatdıraq: Azərbaycan üçün ağır və keşməkeşli dövrdə, keçən əsrin 90-cı illərinin ortalarında ölkənin ciddi ehtiyac duyduğu taxıl məhsulları ilə təminatnda M. Nooyevin xüsusi xidmətləri olub.
Məhəmməd Nooyev həmişə dövlətçiliyə, hakimiyyətin siyasi kursuna sadiqliyi ilə seçilib. İctimai-siyasi həyatda çox fəal olan, özünü həm də vətənpərvər ziyalı kimi tanıdan Məhəmməd müəllim tolerantlığın həyat tərzinə çevrildiyi ölkəmizdə milli münasibətlərin sağlam zəmində saxlanılmasına, bəşəri dəyərlərin qorunmasına da öz töhfəsini verib. Məhz bu xidmətlərinə görə, o, Beynəlxalq Tolerantlıq Günündə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Fəxri Diplomu ilə təltif olunub. 2024-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi yubley medalı”na layiq görülüb.

Bütün bunlar öz yerində, amma Məhəmməd müəllimin elinin, törəsinin qarşısında bir xidməti, daşıdığı missiya da var ki, digərlərindən heç də geri qalmır: o, gözəl ailə başçısı, qayğıkeş valideyn, mehriban babadır. Ulularımız əbəs yerə “Ot kökü üstündə bitər” deməyiblər. Bu gün onun övladları atalarının tutduğu nümunəvi vətəndaş, halallıq və xeyirxahlıq yolunu layiqincə davam etdirirlər.
“Reyting.az” xətir-hörmətini həmişə əziz tutduğu Azərbaycanımızın dəyərli övladı Məhəmməd Nooyevi doğum günü münasibətilə təbrik edir, ona uzun və sağlam ömür, ölkəmizin ictimai-siyasi həyatında yeni-yeni uğurlar diləyir.