EN

Prezident İlham Əliyevin siyasətində Türk dünyasının birliyinin gücləndirilməsi mühüm yer tutur

Qloballaşan dünyada türk dövlətlərinin və xalqlarının birliyi zərurətə çevrilib. Prezident İlham Əliyevin siyasətində Türk dünyasının birliyinin gücləndirilməsi mühüm yer tutur. Bu gün türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni, o cümlədən hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində qəbul olunan qərarlar türk birliyinin qlobal gücə çevrilməsi yolunda atılan addımlardır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

Deputat bildirib ki, Türk Dövlətləri Təşkilatının (TDT) yaradılması Türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində tarixi addımdır: "Artıq hər il TDT-nin Zirvə toplantıları çərçivəsində, eləcə də ikitərəfli münasibətlər kontekstində türk dövlətlərinin münasibətlərinin gücləndirilməsi üçün sistemli tədbirlər həyata keçirilir. Son illər TDT-nin sammitlərində qəbul olunan qərarlar artıq Türk dünyasının dünyaya qlobal güc kimi təqdim olunması yönündə atılan addımlardır. Nəzərə alaq ki, TDT müstəvisində təkcə Zirvə görüşləri keçirilmir, türk dövlətlərinin müvafiq dövlət qurumlarının, strukturların təşkilatlanmış platformaları da yaradılıb və onların da vaxtaşırı toplantıları keçirilir. Təqdirəlayiq haldır ki, TDT ölkələrinin vətəndaş cəmiyyətinin təmsilçiləri də fəal əməkdaşlıq niyyətini nümayiş etdirir".

Onun sözlərinə görə, noyabrın 24-də Bakıda Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının (QHT) ilk dəfə bir platformada toplaşması bunun göstəricisidir. Yəni, TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumunun keçirilməsi çox vacib hadisədir. Forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 500-dən çox vətəndaş cəmiyyəti təmsilçisinin iştirak etməsi özlüyündə tədbirin önəmindən xəbər verir.

Samir Vəliyev əlavə edib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına hazırda sədrlik edən ölkə olaraq üzv ölkələrin vətəndaş cəmiyyəti təsisatları arasında da ictimai kommunikasiyanın gücləndirilməsinə çalışır. Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətində qeyd olunduğu kimi, türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir. İlk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu da bu istiqamətdə atılmış mühüm addımdır.

“Əlbəttə, türk dövlətlərinin cəmiyyətlərinin sıx əməkdaşlıq təşəbbüsləri birliyimizi daha da gücləndirir. Dövlət səviyyəsində aparılan siyasətlə yanaşı, xalqlarımızın və cəmiyyətlərimizin həmrəylik təşəbbüsləri Türk dünyasını mənəvi baxımdan daha da birləşdirir. Dost və qardaş xalqlarımızı ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlər möhkəm bir ailə kimi birləşdirir, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsini şərtləndirir. Bu baxımdan, TDT-ə üzv ölkələrin vətəndaş cəmiyyəti təmsilçilərinin həmrəylik forumu böyük əhəmiyyət kəsb edir”, - deyə deputat vurğulayıb.

3Sources