EN

İqtisadiyyat nazirinin müavini Bişkekdə CAREC çərçivəsində keçirilən tədbirlərdə iştirak edib  

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional Əməkdaşlıq (CAREC) Proqramının 24-cü Nazirlər Konfransında və CAREC İnstitutunun İdarəetmə Şurasının 16-cı iclasında iştirak edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, CAREC Proqramının “Yaşıl və Rəqəmsal CAREC” mövzusunda keçirilən 24-cü Nazirlər Konfransında çıxış edən nazir müavini Proqram çərçivəsində ticarət, investisiyalar və bərpaolunan enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd edib. CAREC regionunda dayanıqlı ticarət, rəqəmsal dəhlizlər, yaşıl enerji həlləri və innovativ logistika modellərinin genişləndirilməsi üzrə Azərbaycanın təşəbbüsləri vurğulanıb.

İqtisadiyyat nazirinin müavini konfrans çərçivəsində təşkil olunan CAREC nəqliyyat strategiyası 2030-a orta müddətli baxış, nəqliyyat və rəqəmsal dəhlizlərin inkişafı, səhiyyədə karbonsuzlaşdırma strategiyası, CAREC regionunda iqlimə dayanıqlı səhiyyə müəssisələri üçün minimum tələblər, iqlim dəyişikliyinə və fəlakət risklərinə cavab tədbirləri, 2026-cı ildə keçiriləcək CAREC Proqramının 25 illiyinə həsr edilmiş sessiyalarda iştirak edib.

Konfrans çərçivəsində “Təkmilləşdirilmiş Tranzit Sistemi və Ümumi Məlumatlar Mübadiləsinin Sınaq Mərhələsinin Həyata Keçirilməsi” (CATS/ICE), “Regional Turizmin İnkişafı”, “Uyğunluq Sertifikatlarının Elektron Mübadiləsi və Qarşılıqlı Tanınması üzrə CAREC Pilot Layihəsi”nə dair anlaşma memorandumları imzalanıb.

Sonda CAREC Proqramının 24-cü Nazirlər Konfransının Birgə Nazirlər Bəyannaməsi qəbul olunub.

Bişkekdə CAREC İnstitutunun İdarəetmə Şurasının 16-cı iclası keçirilib.

İclasda CAREC İnstitutunun 2025-ci il üzrə görülmüş işlərə dair hesabatı, İnstitutun yenilənməsi planına ümumi baxış və CAREC İnstitutunun 2026-2030-cu illər üzrə Strategiyası, eləcə də CAREC İnstitutunun 2026-2027-ci illər üzrə Dövri Yenilənən Əməliyyat Planı, 2026-cı il üçün büdcə və işə qəbul planı müzakirə olunub.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli tədbirdə çıxış edərək, CAREC İnstitutunun 2026–2030-cu illər üzrə Strategiyası çərçivəsində institusional idarəetmə, insan kapitalı, yaşıl iqtisadiyyat və rəqəmsal transformasiya istiqamətlərində yeni alətlərin tətbiqinin və texnoloji həllərin regionun dayanıqlı inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

2Sources