EN

Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi noyabrın 24-də davam etdirilib.

Aznews.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Ardınca zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Mirhüseyn Salahov Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində özünün, Hüseyn Məmmədovun və daha bir neçə nəfərin yaralandığını söyləyib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Elturan Cəbiyev Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəşlər nəticəsində xəsarət aldığını bildirib.

Zərərçəkmiş Telman Fərhadlı ifadəsində Kəlbəcərdə düşmən tərəfindən açılmış atəş nəticəsində yaralandığını deyib. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş hadisə zamanı daha iki nəfərin xəsarət aldığını söyləyib.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş İslam Məsiyev və Mehdi Əhmədov Kəlbəcərdə düşmən tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində müxtəlif xəsarətlər aldıqlarını bildiriblər.

İfadə verən Xəlil Xasməmmədov düşmənin təxribatı nəticəsində özünün və daha iki nəfərin xəsarət aldığını, daha iki nəfərin isə həlak olduğunu deyib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Ariz Məmmədov Şuşa rayonunun Xəlfəli kəndində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin minaatandan açdığı atəş nəticəsində yaralandığını bildirib. Hadisə zamanı yanında olmuş Nemət Abdullayev və Sadiq Qasımlı da yaralanıb.

Zərərçəkmiş Elnur Şıxıyev Kəlbəcərdə tibbi təxliyə maşınını idarə edərkən düşmən tərəfindən açılmış atəş nəticəsində yaralandığını deyib. O bildirib ki, idarə etdiyi avtomobilin üzərində tibbi xidmətlə bağlı fərqləndirici nişan olmasına baxmayaraq, maşın minaatanla atəşə tutulub.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş Sadiq Əliyev və Müsənnif Əliyev düşmənin Kəlbəcərdə törətdiyi təxribat nəticəsində yaralandıqlarını bildiriblər.

Chosen
17
41
aznews.az

10Sources