EN

Mozambikli nazir: Azərbaycanın rəqəmsal inkişaf yolu çox dəyərli təcrübədir

Bakı, 24 noyabr, Pərvanə Qafarova, AZƏRTAC

Hesab edirik ki, Azərbaycanın rəqəmsal inkişaf yolu çox dəyərli təcrübədir. Biz də bu təcrübədən yararlanmaq istərdik. Eyni inkişaf mərhələsində olan digər ölkələri də Azərbaycanın nümunəsindən öyrənməyə və daha da irəliləməyə təşviq edirik.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Mozambikin rabitə və rəqəmsal transformasiya naziri Ameriko Muçanqa bildirib.

Ameriko Muçanqa Azərbaycanın rəqəmsal transformasiya sahəsində əldə etdiyi nəticələri nümunəvi adlandırıb.

“İlk növbədə Azərbaycana təşəkkür etmək istəyirəm. Buraya gəldiyimiz andan etibarən insanlar bizə çox mehriban yanaşıblar və bizi çox yaxşı qarşılayıblar. Şəhərin gözəlliyi, mədəniyyət və insanların səmimiliyi bizi həqiqətən təsirləndirdi. Bu, bizim üçün çox dəyərli təcrübə oldu”, – deyə o vurğulayıb.

Nazir “WTDC-25” konfransının təşkilatçılığına da yüksək qiymət verib: “Görürük ki, tədbir problemsiz və mükəmməl şəkildə keçirilir. Bu, Azərbaycan hökumətinin geniş hazırlıq işləri və peşəkar təşkilatçılığı sayəsində mümkün olub. Hazırda bütün ölkələrin nümayəndələri üçün rahat işləmək və effektiv müzakirələr aparmaq üçün ideal şərait yaradılıb”.

Chosen
16
2
azertag.az

3Sources