EN

SOCAR “Sustainable Fitch”dən ilk ESG reytinqini alıb

Bakı, 24 noyabr, AZƏRTAC

“Sustainable Fitch” beynəlxalq reytinq agentliyi SOCAR-a ilk dəfə ESG (Ətraf mühit, Sosial və İdarəetmə) reytinqi təqdim edib və şirkətin ümumi göstəricisini “3” səviyyəsində qiymətləndirib.

Şirkətdən AZƏRTAC-a bildiriblər ki, bu nəticə SOCAR-ın ESG istiqamətləri üzrə sabit və yetkin fəaliyyətini əks etdirir, həmçinin şirkətin güclü risklərin idarəedilməsi bacarığına əlavə olaraq emissiyaların azaldılması hədəflərini ətraf mühitə təsir, müxtəliflik və idarəetmədə şəffaflıq sahələrində də mövcud çağırışlarla balanslaşdırmaq bacarığını nümayiş etdirir.

Şirkətin dekarbonizasiya hədəfləri, sosial profilinin sabitliyi və effektiv risklərin idarəetmə sistemi reytinqin verilməsində əsas amillər kimi qeyd olunub. Bununla yanaşı, SOCAR-ın beynəlxalq ESG hesabatlılığına inteqrasiya prosesi reytinqin alınmasına müsbət təsir göstərən əsas məqamlardandır. “Sustainable Fitch” beynəlxalq reytinq agentliyinin bu qiymətləndirməsi SOCAR-ın dayanıqlı inkişaf sahəsində əldə etdiyi nailiyyətləri və şirkətin uzunmüddətli strateji hədəflərinin beynəlxalq investorların gözləntiləri ilə uyğunluğunu əks etdirir.

Xatırladaq ki, SOCAR ötən il öz ESG hədəflərinə sadiqliyini nümayiş etdirərək MSCI beynəlxalq reytinq agentliyi tərəfindən Xəzər regionunda BBB səviyyəsində ESG reytinqi əldə edən ilk enerji şirkəti olub. Eyni zamanda, neft və qaz bazarlarında qiymət dalğalanması və əməliyyat volatilliyi kimi çətinliklərə baxmayaraq sağlam maliyyə göstəriciləri, şirkətdə şəffaflığın və hesabatlılığın gücləndirilməsi SOCAR-ın tarixində ilk dəfə olaraq iki investisiya oluna bilən kredit reytinq (“Fitch” reytinq agentliyindən BBB- və “Moody`s” reytinq agentliyindən Baa3) dərəcəsi əldə etməsinə təkan verib.

Qeyd edək ki, “Sustainable Fitch Ratings” qlobal səviyyədə bütün aktiv bazarlara Ekoloji, Sosial və İdarəetmə (ESG) göstəricilərinin qiymətləndirilməsi üçün həll təqdim edir və beynəlxalq maliyyə bazarlarında daha dəqiq və məlumatlı qərarlar qəbul edilməsində kömək edir. “Sustainable Fitch Ratings” təşkilatın ekoloji və sosial amilləri öz biznesinə, strategiyasına və idarəetməsinə inteqrasiya etmə səviyyəsini, eləcə də ümumi fəaliyyətini, öhdəliklərini və idarəetmə effektivliyini qiymətləndirir. Reytinqlər “1”-dən “5”-ə qədər şkala üzrə təqdim olunur (burada “1” ən yüksək, “5” isə ən aşağı göstəricidir).

Chosen
41
13
azertag.az

10Sources