EN

Dilçilik İnstitutunda Orfoqrafiya lüğətinin yeni nəşrinə dair müzakirə aparılıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 noyabr, AZƏRTAC

Noyabrın 24-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya lüğətinin yeni nəşrinə dair geniş tərkibdə iclas keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda lüğətin yenilənməsi, görülən işlərin mövcud vəziyyəti və texniki hazırlıq məsələləri ətraflı müzakirə olunub. İnstitutun direktoru professor Nadir Məmmədli bildirib ki, Prezident İlham Əliyevin AMEA-dakı çıxışında qeyd etdiyi istiqamətlərdə Orfoqrafiya lüğətinə yenidən baxılır. Yeni nəşrin hazırlanmasında 2021-ci ildə çap olunmuş Orfoqrafiya lüğəti əsas baza kimi qəbul edilib. Bununla yanaşı, əvvəlki illərdən fərqli olaraq, növbəti təkmil nəşrdə Dilçilik İnstitutunun Dil Korpusu bazasından geniş istifadə olunub, sözlərin işlənmə tezliyinə baxılıb. Korpus əsaslı yanaşma lüğətdə normativ qaydaların daha dəqiq müəyyənləşdirilməsinə və lüğətin əsaslarının gücləndirilməsinə imkan verir.

Sonra professorlar Məsud Mahmudov, İlham Tahirov və İsmayıl Məmmədli, filologiya elmlər doktorları Qətibə Quliyeva və Şəbnəm Həsənli-Qəribova, dosent Fidan Salayeva, filologiya üzrə fəlsəfə doktoru İmanyar Quliyev çıxış edərək lüğətin işlənməsi ilə bağlı öz rəy və təkliflərini diqqətə çatdırıblar. Lüğətdə mövcud texniki uyğunsuzluqların aradan qaldırılması, yeni sözlərin əlavə olunması, müasir dil faktlarına uyğunlaşdırma və elektron baza üçün strukturlaşdırma kimi məsələlər diqqət mərkəzində olub.

Sonda Orfoqrafiya lüğətinin növbəti nəşrinin ən müasir elmi-praktik tələblərə cavab verməsi, dil normalarının daha dəqiq müəyyən olunması və cəmiyyət üçün əlçatan şəkildə təqdim olunması istiqamətində işlərin ardıcıl davam etdirildiyi vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
27
7
azertag.az

8Sources